Müsavatda nə baş verir? MÜXALİFƏT

Müsavatda nə baş verir? MÜXALİFƏT

Növbəti istefa partiyada vəziyyətin gərgin olmasını təsdiq etdi

Bəlli olduğu kimi, bugünlərdə Müsavat partiyasının məclis üzvü Vasif Sadıqbəyli adıçəkilən siyasi təşkilatın sıralarını tərk etməsi üçün başqan Arif Hacılıya ərizə verib. Belə ki, uzun illərdir ki, Müsavatda təmsil olunan V.Sadıqbəyli eyni zamanda, 2014-cü ildən məclisə üzv olub. Maraqlıdır ki, o istefasının səbəbini dərhal açıqlayıb və etiraf edib ki, onunla A.Hacılı arasında kəskin fikir ayrılığı mövcuddur. Lakin V.Sadıqbəyli istefasına səbəb olan digər məsələlər barəsində mətbuat konfransı vasitəsi ilə danışacağını da deyib.

Narazıların çoxu Arif Hacılının başqanlığı dövründə partiya sıralarından istefaya gediblər

Müsavatçılara yaxın olan mənbənin sözlərinə görə, artıq o, fəaliyyətini Qubad İbadoğlunun sədri olduğu “ADR” hərəkatında davam etdirəcəyini də gizlətməyib və çox yəqin ki, Sadıqbəyli istefa ərizəsi yazmamışdan öncə, İbadoğlu ilə gizli müzakirələr də aparıb. Belə ki, “ADR” hərəkatında təmsil olunanların böyük çoxluğu məhz sabiq müsavatçılardır ki, onların hər biri bilavasitə Arif Hacılının başqanlığı dövründə partiya sıralarından istefaya gediblər.

Lakin ortada digər məqam da var ki, o da Müsavatın sabiq başqanı İsa Qəmbərlə bağlıdır. Hələ qalmaqallı qurultay keçirilməmiş, eləcə də A.Hacılı saxta yollarla başqan vəzifəsinə seçilməmiş Müsavat sıralarında ajiotaj yaşanırdı ki, bu da sonda kütləvi istefalarla nəticəsini tapmış oldu. Çünki İ.Qəmbər qurultay zamanı açıq-aşkar Hacılının təbliğatını apararaq, hər kəsi ona səs verməyə çağırmışdı.

“İ.Qəmbər getdi, Müsavat dağıldı” prinsipi sabiq başqana hava-su kimi lazımıydı...

Digər tərəfdən, İ.Qəmbər bu vasitə ilə Müsavatın parçalanacağını da yaxşı bilirdi və bu amil ona sərf edirdi. Daha doğrusu, İ.Qəmbər istefalar, narazılıqlar fonunda özünü Müsavatın “alternativsiz başqanı” olaraq göstərməyə çalışırdı. Beləliklə, “İ.Qəmbər getdi, Müsavat dağıldı” prinsipi sabiq başqana hava-su kimi lazımıydı və o, yendən başqan seçilmək üçün bu amili özünə alibi olaraq seçib.

Ümumiyyətlə isə V.Sadıqbəylinin partiyadan istefası və A.Hacılı ilə münasibətlərinin pozulması mənzərəsində cərəyan edən hadisələrin hər biri birbaşa mövcud başqanın adı ilə əlaqələndirilir.

Partiya tamamilə sıradan çıxacaq

Misal üçün, onun son mitinqlərdə “Milli Şura”ya dəstək göstərməsi, zaman-zaman AXCP sədri Əli Kərimli ilə yeni münasibətlər qurmağa can atması və s. olaylar onsuz da daxilində gərginlik yaşayan Müsavatı daha çətin vəziyyətə doğru sürükləyir. Beləliklə, istefalar da davamlı xarakter alır. Artıq belə qənaətə də gəlmək mümkündür ki, bu istefa növbəti istefalar üçün yaşıl işıq oldu və Müsavatdaxili gərginlik növbəti fazaya keçid aldı. Bu isə birmənalı olaraq, adıçəkilən partiyanın tamamilə sıradan çıxmasına səbəb ola biləcək bir haldır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə