Ermənistandakı son rəngli inqlab yalnız hakimiyyətdə rəhbərlyi dəyişə bilib və idarəolunmaz kütlənin köməyi ilə yeni rəhbər Nikol Paşinyana ancaq postsovet məkanının ən ağır Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi kimi məsələlər miras qalıb. Ermənistanın dövlət idarəçiliyində, diplomatiyada zərrə qədər təcrübəsi olmayan, küçədən gəlmiş baş naziri, inqilabçı Paşinyan ölkəsinin birinci şəxsinə çevrilib və artıq öz siyasi mahiyyətini göstərməyə başlayıb.
Küçədən gətirilən baş nazir və onun hökumətə təyin etdiyi yeni üzvlər rusofob şəxslərdir
Ermənistanın yeni baş nazirinin hökumətə təyin etdiyi yeni üzvlərin demək olar ki, hamısı rusofob şəxslərdir. Kütlənin küçədən gətirib baş nazir təyin etdiyi Nikolun hökumətə yeni təyin etdikləri arasında vaxtilə Putini hətta açıq şəkildə təhqir etmiş şəxslər də var. Yəni yeni təyinatların hamısı Rusiya əleyhinə olan şəxslərdir və bunu özləri belə gizlətmirlər. Maraqlıdır, Paşinyan tərəfindən yeni təyin olunmuşları Rusiyadan narazı salan nədir? Yaxud bu vaxta qədər Rusiyanın kölgəsində öz mövcudluğunu qoruyanlar, əzilmək, hətta yox olmaq təhlükəsindən məhz Rusiya sayəsində sığortalananlar harda sığınacaq tapdılar ki, havadarlarının üzünə belə ağ oldular?
Artıq Rus kanallarının Ermənistan efirindən yığışdırılması prosesi də başlayıb. Simasını tez-tez dəyişməkdə mahir olan Ermənistan bu dəfə Rusiya kimi qoruyucusuna, sözün əsl mənasında böyük qardaşına, özü də hər zaman nəinki maddi, hətta hərbi dəstəyini belə əsirgəməyən arxasına, dayağına saymazlıq nümayiş etdirir və əsl nankor simasını açıb ortaya qoyur. Ermənistanda artıq rus kapitalının sıxışdırlması prosesi gedir. Çox güman ki, bu gedişlə növbəti mərhələdə rus dilinin sıxışdırılmasına cəhd olunacaq və heç kim zəmanət verə bilməz ki, Ermənistan kimi nankor siyasət yürüdən bir dövlət tezliklə rus məktəblərini də sıxışdırmayacaq.
Ermənistan özü özünü Qərbin oyunlarına alət edərək qeyri-stabil bil duruma salıb
Ermənistan ictimaiyyəti də, Paşinyan özü də çox yaxşı başa düşür ki, öz torpaqlarını qaytarmaq istəyən Azərbaycandan Ermənistanı “qorumaq” üçün ermənilərin ruslardan başqa arxası, dayağı yoxdur. Bu gün “ingilis bayrağı” kimi gah bu, gah da başqa istiqamətə əsən, daim harasa meyilli olan Ermənistan üçün dayaq noqtəsi, sığınacaq vacib şərtdir. Əks halda bir dövlət olaraq mövcudluq məsələsi belə müzakirə mövzusuna çevrilməlidir. Hazırda Ermənistan özü özünü Qərbin oyunlarına alət edərək qeyri-stabil bil duruma salıb. Amma əslində Qərbin dayağına və dəstəyinə zərrə qədər gümanı da yoxdur. Heç Qərb onlara belə bir söz də verməyib, ümid də.
Soçidə Avrasiya İqtisadi Birliyi ali şurasının toplantısı meydanlarında Rusiya prezidenti Vladimir Putinlə görüşündən də Paşinyan erməni hiyləgərliyi ilə çox dəstək umur. Lakin Rusiyayönlü kursdan uzaqlaşan Paşinyanın və Ermənistanın ümidləri əbəsdir. Soçi səfəri və Putinlə görüşdən qabaq erməni hiyləgərliyi ilə Rusiya qarşısında təzimlə salam verən Nikol bundan sonra Rusiyanın etimadını qazanacağına heç ümidlənməsin. Bu görüşü iki dövlət başçısının bir-biriylə tanışlığı baxımından önəmli təmas kimi dəyərləndirən prezident köməkçisi Yuri Uşakov onsuz da təxmin olaraq bildirib ki, ikitərəfli əməkdaşlığın müzakirəsi başlanğıc üçün dərin olmayacaq.
Paşinyan diplomatik münasibətlərə və bütün ölkəyə görə böyük məsuliyyət altında olduğunun fərqindədir
Nikol Paşinyan artıq dərk etmək məcburiyyətindədir ki, diplomatiya küçələrdə dal çantasıya yüyürmək deyil və küçədən gələn biri üçün, Qərbin əl oyuncağı üçün bu heç də asan olmayacaq. Diplomatik münasibətlərə və bütün ölkəyə görə böyük məsuliyyət altında olduğunun fərqində olan baş nazırin hansı durumda olduğunu təxmin etmək çətin deyil. Nəzərə alsaq ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və Ermənistan da Azərbaycanla savaş durumundadır, həm də Rusiyadan üz döndərib, çətin ki, Paşinyan bu vəziyyətdə ölkəsini çiyinlərində daşıya bilsin.
Paşinyanın çiyinlərinə düşən ağırlıq təkcə Ermənistandakı vəziyyətlə bitmir və öz ölkəsinin əhalisinin ağırlığı yeganə müzakirə movzusu deyil. Ermənilər təkcə Ermənistanda məskunlaşmayıb və nəzərə alsaq ki, Rusiyada həddindən çox erməni var, işlər bir az da qəlizləşir. Ona görə ki, hazırda Rusiyada yaşayan çoxlu sayda erməni imtiyazlı şərtlərə malikdir və onlar heç də bu imtiyazlardan məhrum olmaq niyyətində deyillər. Təbii ki, onlar da Ermənistanın yeni siyasi rəhbərliyinin yürütdüyü kursdan razı deyillər və çox güman ki, bu kursun mənfi təsirlərini tezliklə öz üzərlərində hiss edəcəklər. Bəziləri isə ola bilsin ki, yaxın zamanda Rusiyanı tərk etmək və Ermənistanda məskunlaşmaq məcburiyyətində qalacaqlar. Bu isə onsuz da əhalisinin acınacaqlı durumunun öhdəsindən gələ bilməyən Paşinyan və səfalət içində olan Ermənistan üçün daha acınacaqlı vəziyyət vəd edir. Aclıq, ehtiyac və yaşayış şəraitinin daha da pis olacağından xəbər verir.
Şər simvolu sayılan Sorosun əlinə baxan ölkə və onun rəhbərliyindən Azərbaycan əleyhinə hər şey gözləmək olar
Yeni təyin etdiyi dövlət adamları da daxil olmaqla Nikol özü də Qərbin oyuncağıdır və bu səbəbdən də məhz Rusiyadan üz çevirib. Yeni təyin olunanların belə Soros kimi bir iblisin əlində olduğu da gizli deyil. Belə olan halda ya Paşinyandan, onun yeni təyin etdiyi dövlət adamlarından, ya da onun rəhbərlik etdiyi dövlətdən Azərbaycan hansı müsbət addımlar gözləyə bilər? Soros nə vaxtdan Azərbaycanın yaxşılığına, ölkəmizin naminə çalışan olub? Dünyanın şər simvolu sayılan Sorosun əlinə baxan, onun idarəçiliyi altında olan ölkə və onun rəhbərliyi əlbəttə ki, Azərbaycan əleyhinə bütün əməllərə qol qoymağa hazırdır. Yaxud daim ölkəmizə qarşı ikili standartlarla çıxış edən Qərbin idarə etdiyi Ermənistandan heç zaman Azərbaycanın maraqlarına hörmətlə yanaşacağını gözləmək sadəlövhlükdür.
Qərbin də Qafqazla bağlı planları var və bu planlar içərisində Azərbaycanın mövqeyi zərrə qədər də nəzərə alınmır. Qərbi maraqlandıran bu regionda öz mövqeyini və nəzarət mexanizmini gücləndirmək, təsir imkanlarını artırmaqdır. Məhz bunun üçün ilk dəfə Azərbaycanda Qarabağ oyununu ortaya atsa da bununla kifayətlənmədi. Ardınca Ermənistanı qarışdırdı, xalqı ayağa qaldırıb küçələrə tökməklə idərəolunmaz bir xaos yaratdı ki, idarəetmə rıçaqlarını öz əlinə alsın. Onsuz da qarmaqarışıqlığa meyilli olan bir xalq kimi ermənilərin xislətindən də məharətlə istifadə edib ölkəni yaman günə qoydu və indi müşahidəçi kimi kənardan vəziyyəti seyr edir. Ermənistan indi çətin durumda olduğunu dərk edirsə də geri heç bir yol yoxdur. Nə Qərbə yox deyə bilir, nə də Rusiyaya. Qərb Gürcüstanda da indi Saakaşvilini gətirib yeni bir çaxnaşma yaratmaq niyyətindədir. Məqsəd birdir və Qafqağda olan qarışıqlıq Qərbin maraqlarına uyğundur. Ola bilsin ki, gec də olsa Paşinyan özü də bunu dərk edib və indi vəziyyətə nəzarət etmək üçün erməni hiyləgərliyinə əl atıb. Məhz buna görə də özünün nə Qərbyönlü, nə də Rusiyayönlü siyasətçi olduğunu deyir.
İnqlabçı baş nazirin bəyanatları bir-birinə ziddir və ruslar qarşısında olduğu kimi azərbaycanlılar qarşısında da sifətdən sifətə düşəcəyinə şübhə yoxdur
Rusiya əleyhinə çıxış edən dünənki inqlabçı yeni bir don geyib və hərbi müqavilələri yada salaraq silah əldə edilməsi üçün üzdən-üzə, sifətdən sifətə düşür. Artsaxın, yəni Qarabağın adından danışıqları artsax aparmalıdır deyən baş nazirin və bir zaman, yaşasın Ermənistan Respublikasının ayrılmaz hissəsi olmalı olan Dağlıq Qarabağ Respublikası şuarı ilə çıxış edən inqlabçının bəyanatlarının hamısı bir-birinə ziddir. Təbii ki, Paşinyanın bu populist ritorikası populist fəaliyyətlə əvəz olunsa, yəni rəsmi İrəvan Qarabağın müstəqilliyini birtərəfli qaydada tanısa, ya da onun Ermənistana birləşdirilməsini bildirsə, Azərbaycan müharibə ilə cavab verməli olsa, heç şübhəsiz ki, küçədən gələn baş nazir yenə də öz sözünü təkzib edəcək, indi ruslar qarşısında olduğu kimi azərbaycanlılar qarşısında da sifətdən sifətə düşəcək, erməni simasını ortaya qoyacaq.
Yada salaq ki, münaqişə 2016-nın aprelindən güc mərhələsinə keçib, amma Rusiyanın səylərilə tez bir zamanda neytrallaşdırılıb və hər an Azərbaycan Ermənistanı da, küçədən gələn Paşinyan hakimiyyətini də öz hərbi qüdrəti ilə sarsıda bilər. İndi Qərblə Rusiya arasında qalan və hər ikisinə yaltaqlanan Ermənistanın vəziyyəti göz qabağındadır. Hələ bundan sonra nələrinsə baş verməyəcəyinə kimsə zəmanət verə bilməz və Ermənistanda daha hansı təlatümlərin olacağı bəlli deyil.
İkihakimiyyətliliyin hökm sürdüyü Ermənistan ən yaxın zamanda məhvə məhkumdur
Ermənistanda ikihakimiyyətliliyin nə qədər çox çəkəcəyini söyləmək çətindir. Çünki Paşinyan yalnız seçki məcəlləsi dəyişiləndən sonra erkən parlament seçkiləri keçirməyə hazırlaşır. Buna vaxt sərf ediləcək və ola bilsin, parlamentdə mandat çoxluğuna malik Respublika Partiyasından olan deputatların sərt müqaviməti ilə də qarşılacağı gözləniləndir. Paşinyan artıq bir dəfə onları öz namizədliyini baş nazirliyə təsdiqləməyə məcbur edib. Nikol seçki qanunvericiliyinin dəyişilməsilə bağlı öz niyyətini həyata keçirə biləcək ya yox hələ bəlli deyil. Çünki, artıq inqilab onun da resursunu tükədib. Küçə və meydanlarda toplaşan insanların basqısı, təsiri, xofu altında deputatları qərar qəbul etməyə məcbur etmək nə dərəcədə düzgündür və bu gün demokratiya komuflyajı geyinən Ermənistanın yeni hakimiyyətinin ölkədə bərqərar etmək istədiyi demokratiya budurmu?
Qərbin Ermənistanda görmək istədiyi demokratiya kütlənin qızışdırılmasıdır, yoxsa qızışdırılmış kütlənin xofu ilə qanunlara təsir edib onları istədikləri kimi dəyişdirmək? Bəlkə Qərb Ermənistan hakimiyyətindəki dəyişiklikləri öz maxinasiyaları ilə, kütlənin dağıdıcılığı qorxusu ilə həyata keçirməyi, öz istəyini diktə etməyi demokratiya hesab edir? Yoxsa Paşinyan elə zənn edir ki, meydandan, küçədən gəlib hökuməti ələ alacaq və onu ağ günə çıxaracaq? Hələ də Qərbin bu yolda ona dəstək olacağına inanırmı? Hər bir halda, yəni Paşinyan, onun adamları, bütün Ermənistan belə inansa da, inanmasa da özü bilər. Amma küçədən gələn bu baş nazir və onun hakimiyyəti altında olan ölkə vətəndaşları belə bilməlidir ki, Ermənistan inqilablar yolundan çıxmasa, indiki durumu dəyişməsə, ikihakimiyyətliliyə son qoymasa, onun ən yaxın zamanda məhv olub sıradan çıxması labüddür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB