Əli Əhmədov: “Tale, tarix bu partiyanı qələbələr üçün yaradıb” - YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası – 18" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, həmçinin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov və partiyanın tanınmış simaları iştirak ediblər.
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiya sədrini və üzvlərini YAP-ın yaranmasının 18-ci ildönümü münasibətilə təbrik edib. YAP-ın yaranmasından keçən 18 ilin şərəf və ləyaqət, Azərbaycanın qüdrətlənməsi və dünyada tanınması, YAP-ın özünün möhtəşəm bir təşkilata çevrildiyi illər olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının 18 illik tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqına sadiqlik nümunəsidir: "Yeni Azərbaycan Partiyasının yaranması ilə əslində bu partiya üzərinə qoyulan tarixi bir missiya çox qısa zaman kəsiyində yerinə yetirildi. Partiyamız yaranandan cəmi 6 ay sonra bu partiyanın yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycan xalqının Heydər Əliyevlə onun yaratdığı partiya ilə bağlı olan ümidlər ardıcıl olaraq həyata keçirilməyə başlandı. Beləliklə, şərəflə qeyd etdiyimiz 18 illik tarix yaşanmış oldu. Bu tarix həm də bir örnək, nümunə tarixidir. Partiyamızın 18 illik tarixi hər şeydən əvvəl onun yaradıcısı Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. İkincisi, Azərbaycan xalqına xidmət örnəyidir. Üçüncüsü, Yeni Azərbaycan Partiyası qələbələr örnəyidir. Tale, tarix bu partiyanı qələbələr üçün yaradıb. Bu 18 il ərzində Yeni Azərbaycan Partiyası həmişə qalib olub, hər sınaqdan qalib kimi çıxıb və özünü qaliblər partiyası kimi Azərbaycan xalqına tanıdıbdır. Bunun ən yeni nümunəsi noyabr ayının 7-də keçirilən parlament seçkiləridir. Bu qələbə Azərbaycan xalqının Heydər Əliyev ideyalarına dərin sədaqətini, inamını bir daha nümayiş etdirib. Yeni Azərbaycan Partiyası ölkə miqyasında siyasi nəhəngdir".
YAP-ın İdarə Heyətinin üzvü Zahid Qaralov YAP-ın yaradılması, ölkə ziyalılarının partiyanın ilk sədri Heydər Əliyevi Bakıya çağırması və YAP-ın ölkə həyatında oynadığı roldan danışıb: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılandı. Buna görə də, qısa bir zaman kəsiyində Azərbaycanın bütün şəhər və kəndlərində Yeni Azərbaycan Partiyasının özək təşkilatları yaradıldı və minlərlə insan partiya sıralarında birləşərək həm də Ümummilli liderimizə dərin sevgisini göstərdi. Məhz xalqımızla Yeni Azərbaycan Partiyası arasında mövcud olan bu birlik ölkəmizin üzləşdiyi çətinliklərdən xilas olmasında mühüm rol oynadı. O dövrün hadisələri hamımızın yaxşı yadındadır və məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası yaradılandan 6 ay sonra hakim partiya oldu. Azərbaycan xalqı öz taleyini Ümummilli liderimiz Heydər Əliyevə və onun sədri olduğu Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu öndərimiz də 10 ildə gecə gündüz, istirahətsiz çalışaraq, Azərbaycanı yuxarıda sadalığımız böyük faciələrdən qurtardı, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri müstəsna olmuşdur və Ümummilli liderimiz də bunu həmişə yüksək qiymətləndirmişdir. Heydər Əliyevin uzaqgörənliyi bir daha öz reallığını göstərdi: YAP-a qədər yaranmış və YAP-ın Təsis Konfransından sonra yaranan partiyaların demək olar ki, çoxu dağılıb, partiyacıqlara çevrilib. Yeni Azərbaycan Partiyası isə getdikcə qüdrətlənir. Bizlərin də birinci dərəcəli vəzifəsi partiyanın və onun sədri cənab prezident İlham Əliyev ətrafında birləşməklə Azərbaycanı daha da güclü etməkdir. İnsanları birləşdirilməsi ən müqəddəs amallardan biridir. Bunu isə Heydər Əliyev ideyaları və onun yaratdığı Yeni Azərbaycan Partiyası etməyi bacarıb".
YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov da çıxışında partiyanın yaranma tarixindən danışıb. Partiya yaradılan zaman bir sıra çətinliklərlə üz-üzə qalmasına baxmayaraq getdikcə gücləndiyini və Azərbaycan xalqının inamını qazandığını bildirən E.İbrahimov "91-lər" adlanan qrupun partiya yaratmaq üçün ümummilli lider Heydər Əliyevə müraciət etdiklərini xatırladıb: "Partiyanın yaranması o vaxt iqtidarda olan AXCP-Müsavat rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanıb. Qarşıya çıxan çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması istiqamətində fəaliyyət göstərib. Kommunist rejiminin ayaqda durduğu bir dövrdə heç kimi edə bilmədiyi bir işi Heydər Əliyev edib. O, Azərbaycanin üçrəngli bayrağını ilk dəfə Naxçıvanda qaldırıb".
Tədbir rəsmi hissəsindən sonra ziyafət təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB