Əli Kərimli "Milli Şura"nın Rusiya ilə əlaqələrindən özünəməxsus məharətlə istifadə edib
Bəllidir ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya atılan "Milli Şura" projesi Moskvanın oyunu idi. Bu şuranın başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyovun gətirilməsi də öz növbəsində təsdiq edirdi ki, həqiqətən bu "şura" layihəsi Rusiyada, onun paytaxtında hazırlanıb, daha sonra Bakıya ixrac edilib.
Ayağısürüşkənliyi və mövqesizliyi səbəbindən R.İbrahimbəyov nəinki "şura"nı, hətta vətənini də qoyub qaçdı. Rusiyada məskunlaşmağı üstün hesab etdi. Məhz Rusiyaya qaçdı və bu fakt özü də deyilənləri, yəni Rusiya faktorunu əyani şəkildə isbatlayır. Bir sözlə, kinossenaristin rəhbərlik etdiyi "şura"nı və vətənini qoyub qaçarkən Rusiyaya üz tutması bilavasitə onu deməyə əsas verir ki, adıçəkilən "şura" məhz Rusiyadakı bəzi qruplaşmalara aid olub və İbrahimbəyov da öz havadarlarına sığınmaq üçün bu yolu seçib.
"Milli Şura" Əli Kərimliyə öz çirkin oyunlarını reallaşdırmaq üçün lazım olub
Dərə xəlvət, tülkü bəy strategiyası tutan AXCP sədri Əli Kərimli İbrahimbəyovun Rusiyaya qaçmasından özünəməxsus məharətlə istifadə etdi və "Milli Şura" adlı layihəni öz nəzarətinə götürdü. Vaxtaşırı mövqeyini dəyişən, Cəmil Həsənli kimi əqidəsiz, dönük bir professoru bu "şura"ya sədr təyin edən Kərimli, bu xəlvəti dərənin bəyi olmağa yalnız özünü layiq bildi. Bir sözlə "bəylər bəyi" bu qurumu AXCP-nin bir şöbəsinə, yaxud təşkilatına çevirib ondan öz şəxsi məqsədləri, maraqları üçün istifadə etməyə başladı.
Rusiyada mövcud bəzi dairələrin layihəsi olan və himayəsi ilə qurulan bu qurum Kərimliyə çox lazım idi. Əvvəla, ona görə ki, görüntü naminə də olsa, siyasi divident üçün də olsa Kərimli bu qurumdan mütəmadi istifadə etmək niyyətində olub. AXCP sədri mini aksiyaya bənzər mitinqlərini də məhz bu qurumun təşkilatçılığı ilə həyata keçirməkdə, hətta C.Həsənli kimi marioneti də öz oyunlarına alət etməkdə çox maraqlıdır. Ona görə maraqlıdır ki, əgər mtinqlər uğursuz alınarsa, günah keçisi olaraq "şura" sədrini, yəni Həsənlini ittiham edə bilər və uğursuzluğu öz üzərindən ata bilər. Əksinə, C.Həsənlinin mövqesizliyinə arxayın olan AXCP sədri mitinqlərin şişirdilmiş foto və video görüntülərini isə öz uğuru kimi ictimaiyyətə təqdim edəcəyinə ümid edir.
Rusiya ilə əlaqələr AXCP sədrinin maddi gözləntilərini ödəmə məqsədi daşıyıb
Hüquq mühafizə orqanlarının son araşdırmaları və onun nəticələri, yəni AXCP sədrinin mənimsəmə faktları həmçinin təsdiq edir ki, "Milli Şura" deyilən qondarma qurum və Rusiyadakı bəzi dairələrin bu qurumu himayəsi, bu qurumla bağlantıları Kərimliyə çox lazım olub. Hələ 2013-cü ildən başlayan və bu vaxta kimi davam edən gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəmə məqsədi daşıyıb. Bəllidir ki, Kərimli öz əlinə keçirdiyi "şura"nın Rusiya ilə əlaqələrini məhz maddi vəsaitlər əldə etmək üçün qoruyub saxlayıb. Nə "Milli Şura" Kərimli üçün maraqlı olub, nə də onun fəaliyyəti. AXCP sədri yalnız külli miqdarda vəsait mənimsəmək üçün çalışıb və buna nail olub da. Hər ay 30 min dollar olmaqla 2016-cı ilin mart ayından bu vaxta qədər 412 min dollar, yəni 700 min manat pulu mənimsəyib. Görüntü yaratmaqla, mənimsədiyi pulların çox cüzi hissəsini aksiyalara sərf etməklə, güya ki, bu vəsaitləri təyinatına uyğun şəkildə xərclədiyini göstərməklə həm bu vəsaitləri göndərənləri, həm də əqidədaşlarına bu vəsaitlərdən bir quruş verməməklə bütün yaxın ətrafını aldadıb. Nəticədə bütün pullar yalnız özünə çatıb və öz məqsədləri üçün istifadə olunub.
Dərə xəlvət olsa da ölkə dərəbəylik deyil ki, hər Kərimli kimi avantürist istədiyi kimi bəylik, xanlıq qura və at oynada. Təbii ki, AXCP sədrinin hiyləsinin də, qurduğu oyunlarının da bir sonu olmalı idi və əslində nəticə elə sonluq deməkdir. Hüquq mühafizə orqanlarının üzə çıxardığı və ictimaiyyətə bəlli olan mənimsəmə faktları elə Kərimlinin sonunu vəd edir. AXCP sədri bu aşkar edilən faktlar qarşısında acizdir və oyunların sonuna gəldiyinin fərqindədir. Fərqindədir ki, ona inanan bir neçə zombiləşmiş tərəfdarlarının etibarını və hətta onların özünü belə artıq itirib. Ətrafında olan tərəfdarları, ona inanan adamları belə artıq onun simasını, iç üzünü, hiylələrini gördüyünə, onun öz mənafeyini düşünən bir avantürist olduğunu bildiyinə əmindir. Belə olan halda Kərimli ətrafında kimlərinsə qalacağına necə ümid bağlaya bilər? AXCP-nin, onun əlində olan "Milli Şura"nın dağılmayacağına necə arxayın ola bilər?
Doğrudur, Kərimlini ətrafı da, AXCP də, "şura" da maraqlandırmır, amma onların dağılması onun üçün heç də arzuolunan deyil. Bu parçalanma, dağılma Kərimlinin sonu deməkdir. Əvvəla parçalanmalar, ətrafının onu tərk etməsi, onun siyasi fiqur kimi səhnədən getməsini labüd edir və beləliklə də yaddaşlardan belə silinir. Həqiqətən də tarixin zibilliyinə atılır və orada da məskunlaşır. Digər tərəfdən, daha doğrusu onun özü üçün ən vacib tərəfdən baxdıqda isə Kərimli mütəmadi olaraq almağa, mənimsəməyə alışdığı vəsaitlərdən məhrum olur. Çünki, maliyyə qaynaqları AXCP sədrinin qara qaşına, qara gözünə aşiq olub vəsaitləri ona göndərmirdi və fəaliyyətinin də, özünün də bitdiyini görənlərin vəsait təminatından sözsüz ki, imtina etməkdən başqa seçimləri qalmır. Bu isə acgöz bir pul hərisi, mənimsəməyə alışmış bir avantürist, övladını Londonda lüks həyata alışdırmış bir valideyin, ağız dolusu ali prinsiplərdən dəm vuran AXCP sədri üçün ölümdən də betərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə