Bir müddətlik sakitlikdən sonra, daha dəqiq desək, bu ilin prezident seçkilərindən öncə birgə uğursuz mitinq keçirdikdən bəri əzəli düşmənlər olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat partiyası arasındakı ənənəvi intriqaçılıq qığılcımı yenidən alovlanmağa başlayıb. Lakin daha öncəkilərdən fərqli olaraq, bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı ilginc hücum taktikası seçərək, cəbhəçiləri ikitirəlik salmaqda və düşərgəyə xəyanətdə ittiham edib. Əslində isə heç də yeni mövzu olmayan və davamlı olaraq baş qaldıran hər iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də ümumilikdə, belə vəziyyətdə ictimai rəyə, xüsusilə siyasətlə maraqlanan kəsimə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolunma faktorunun təməli məhz bu kimi qarşıdurmalardan qaynaqlanır.
Müsavat başqanının cəbhəçilərə qarşı total hücumlara başlaması arxasında hansı amillər dayanır?
Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, Müsavat başqanı Arif Hacılı hələ bu posta saxtakarlıq vasitəsilə yiyələnər-yiyələnməz keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, onun AXCP ilə hər hansı bir problemi yoxdur və Müsavat rəhbərliyi cəbhəçilərlə yeni açılan səhifədən əməkdaşlığa gedə bilər. Hətta o, öz təklifləri ilə Əli Kərimlinin ayağına gedərək, xələfi İsa Qəmbərin AXCP-yə münasibətdə səhv olduğunu dolayısı ilə isbatlayaraq, "xoşməramlı" sələf olduğunu sərgiləməyə cəhdlər etdi. Çünki sirr deyil ki, Müsavatın AXCP ilə münasibətləri sonuncu dəfə birincinin "Milli Şura"nın sıralarını tərk etməsindən sonra pozulmuşdu. Həmin vaxt sabiq başqan İ.Qəmbər bəyan etmişdi ki, "Milli Şura" rusiyapərəst mövqedən çıxış edir və bu faktor Müsavatın qərbyönlü siyasəti ilə üst-üstə düşmür. Ancaq sonradan A.Hacılının “Milli Şura” ilə birgə mitinqlərə qatılması və həmin mitinqlərdən uğur əldə edə bilməməsi əslində, İ.Qəmbərin nproqnozlarını doğrultdu. Xüsisilə, sonuncü seçkilərdən sonra əsl reallıq ortaya növbəti dəfə çıxdı. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, A.Hacılı AXCP-yə əməkdaşlıq təklifini irəli sürmüşdü və onda Ə.Kərimli onun bu təklifinə birmənalı olaraq rədd cavabı vermişdi. Görünür, bu səbəbdən, Müsavat başqanı indi də "b" planını işə salaraq, cəbhəçilərə qarşı total hücumlara start verməyə hazırlıq görür. Artıq bunu sosial şəbəkələrdəki müsavatçıların statuslarında və müsavatyölü mətbuatda da görmək mümkündür. Düzdür, hələlik müsavatçıların rəhbəri, bilavasitə ittiham fikirlərini irəli sürməsə də, onun müavinləri Ə.Kərimlini, AXCP-ni və "Milli Şura"nı çox kəskin şəkildə asıb-kəsirlər. Bu xüsusda Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli, partiyanın mərkəzi icra aparatının sədri Gülağa Aslanlı, başqan müavini Səxavət Soltanlı, eləcə də "Əhrar" partiyasının sədri, başqan A.Hacılının qardaşı Vaqif Hacıbəyli xüsusi canfəşanlıq göstərirlər.
Cəbhəçilər nəyə görə Əli Kərimlinin adının ikinci sırada yazılmasından hiddətləniblər?
Digər maraqdoğurucu məqamlardan biri isə A.Hacılının daha bir müavini - Osman Kazımlının Ə.Kərimliyə qarşı başladılan total hücumlara qoşulmasıdır və o öz partiyadaşlarından daha sərt tonda danışaraq deyib ki, Ə.Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür. Ümumiyyətlə, O.Kazımov sosial şəbəkələrdə az görünməyə çalışır, ancaq görünən vaxtlarda əsas hədəf kimi AXCP və "Milli Şura"nı, xüsusilə, Ə. Kərimlini özünəməxsus incə üsullarla "vurur".
Məsələn, seçkilərdən qabaq O.Kazımlı "facebook" səhifəsində "Milli-Strateji Düşüncə Mərkəzi"nin rəhbəri İsa Qəmbərə, Müsavat partiyasının başqanı Arif Hacılıya, AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğluna birlik çağırışı etmişdi. Və belə bir məqamda ilk baxışdan təəccüblü nə isə görünmür. Yəni kənardan baxan belə düşünə bilər ki, O.Kazımov müxalifətə birlik çağırışı edib. Ancaq...
Ancaq sən demə Ə.Kərimlinin gözüaçıq sosial şəbəkə qrupları və saxta profillərlə onun reklamını aparanlar bu məqamı tutublar, sonra da müsavatçıya qarşı həmləyə keçiblər. Cəbhəçilər müsavatçı O.Kazımlıya qarşı hücuma keçərək, nəyə görə sözügedən müraciətində AXCP sədrinin adının ikinci sırada (?!-R.R.) yer almasını ittiham, söyüş və təhqir ab-havası ilə soruşublar.
Bunun ardınca isə AXCP sədri Ə.Kərimli "Azadlıq Radiosu"na açıqlamasında təklifə ciddi yanaşmadığını sərgiləmişdi. Həmim sitatı bir daha xatırladaq: "Biz bir yerdəydik "Milli Şura"daydıq. Davam etmək istəsəydilər, bizimlə davam edərdilər. Çox təəssüf ki, "Milli Şura"nı tərk ediblər". Lakin uğursuz mitinqləri son anda Ə.Kərimlinin müsavatçılara tərəf addım atmasına səbəb oldu. Lakin müvəqqəti. Çünki hazırkı məqamda biz, bu düşmənçiliyin ardını görməkdəyik.
Beləlkilə, bir müddətlik sakitlikdən sonra "ana müxalifət" adı uğrunda barışmaz savaş aparan hər iki partiya - həm AXCP, həm də Müsavat yeni kontekstdə müharibəyə başlamaq üzrədirlər. Bu dəfə A.Hacılı siyasi müxalifətdəki rıçaqları əlində saxlamaq üçün başqa yol tapa bilmədiyini açıq şəkildə nümayiş etdirir. Amma burada belə bir sual da yaranır - görəsən Hacılı-Kərimli savaşından bu dəfə kim qalib ayrılacaq? Hər halda onların arasında qalib müəyyənləşə bilər, lakin bürövlükdə onların hər ikisi məğluedilmişlər sıralamasında qalmaqda davam edəcəklər. İllər də bu faktı sübuta yetirmiş olur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB