Paşinyanın “məxməri inqilabı” Ermənistana “qızıldan dağlar” vəd etmir
Rəsmi Bakının bəyanatı erməniləri təşvişə salıb
Ermənistan mətbuatı erməni ictimaiyyətinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində geniş miqyaslı hərbi əməliyyatlara başlaması barədə dedikləri fikirlərindən ciddi təşvişə düşüdüyünü gizlətmir. SİA-nın məlumatına görə, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə istinad edən 1in.am saytının siyasət yazarı Sarqis Artsruni öz analitik məqaləsində qeyd edib. Onun yazdığına görə, rəsmi Bakı Ermənistanın yeni hakimiyyətinin separatçı “DQR”i danışıqla masasına gətirilməsinə reaksiya verib və bu amil Ermənistan üçün təhlükə yarada bilər.
1in.am saytı: “Bakı müharibəyə hazırdır”
S.Artsruni yazır ki, N.Paşinyan mayın 9-da Xankəndinə səfəri zamanı “DQR”in danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanat vermişdi və onun bu bəyanatına sülh danışıqları prosesində ortaq olan dövlətlər reaksiya göstərməyib. “Lakin ilk reaksiya Bakıdan gəldi”, - deyə yazan erməni siyasət yazarı bu ifadələri qeyd edib: “Azərbaycan hakimiyyətinin reaksiyası gözlənilən idi, ona görə ki, danışıqlar formatının dəyişdirilməsi Bakının müharibə etmək marağını legitimləşdirir”.
Erməni analitiki digər tərəfdən erməni ictimaiyyətinə təskinlik verməyə də cəhd edir. O, yazır ki, Zakir Həsənovun bəyanatı müharibənin bu günlərdə, yaxud həftələrdə başlaması demək deyil: “Panikaya düşmək lazım deyil. Lakin digər tərəfdən, diqqəti də itirmək olmaz və Bakının bəyanatlarını psixoloji təsir, ya da təbliğat müharibəsi kimi dəyərləndirmək mümkündür”.
“Paşinyan baş nazir kimi deyil, hələ də hərəkat lideri kimi danışır”
Bu arada N.Paşinyanın Rusiyanın “Rossiya-24” telekanalına verdiyi müsahibəsinə də toxunan S.Artsruni yeni baş nazirin Rusiya ilə münasibətlərini daha da yaxşılaşdıracağı barədə dediyi fikirlərinin analizini aparıb. O, yazır ki, Paşinyan nəinki baş nazir, hələ də hərəkat lideri kimi danışır. “Paşinyanın fikirlərindən sanki belə anlaşılır ki, o, Moskvanın Ermənistandakı “inqilaba” heç bir mümkün təxribat cəhdi göstərməməsini rica edir”.
Bu arada onu da xatırlada bilərik ki, erməni baş naziri Ermənistanın Avrasiya İqtisadi İttifaqından və KTMT-dan çıxmayacağını da deyib və Moskvanın inteqrasiya layihələrində təşəbbüskar rolunda çıxış edəcəyini bildirib. S.Artsruni bu barədə də analizini aparıb: “Paşinyanın Moskvaya jest edib-etmədiyini demək çətindir, çünki xarici siyasət məsələlərinin onun üçün hələ də çətin məqam olduğunu qeyd etmək mümkündür. Məsələn, baş nazir deyib ki, erməni-rus münasibətlərində hər şey yaxşıya doğru gedəcək. Bu bəyanat o qədər abstraktdır ki, sözügedən münasibətlərin ən böyük problemi məhz Ermənistanın suverenliyinin bütün atributlarını Rusiyaya xərcləməsi, beynəlxalq aləmdəki mövqeyini itirməsi və Moskvaya peş-kəş etməsidir. Paşinyan məhz bu qaranlıq və antidövlətçi siyasətə yenidən baxmalıdır. Çünki problem yalnız Avrasiya İqtisadi İttifaqında və KTMT-da deyil. Bu qurumlar sadəcə erməni-rus münasibətlərini əks etdirən meydanlardırlar”.
Beləliklə, fakt budur ki, erməni ictimaiyyəti, daha dəqiq desək, Paşinyanın “məxməri inqilabı” Ermənistana “qızıldan dağlar” vəd etmir. Çünki ortada bir çox problemlər mövcuddur ki, həmin problemlərə yenilərini əlavə edən də bilavasitə yeni seçilmiş baş nazir Nikol Paşinyanndır. Daha doğrusu, Serj Sarkisyanın qoyduğu problemlər nəinki azala, hətta arta da bilər. Artıq bunların cücərtiləri görünməyə başlayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB