Dahiliyin HEYDƏR ƏLİYEV zirvəsi!

Dahiliyin HEYDƏR ƏLİYEV zirvəsi!

Zaman ən böyük hakimdir! Bunu dahilər deyib. Tarix çox böyük şəxsiyyətlər yetirib ki, onun böyüklüyü illər, onillər və bəzən bir neçə əsrdən sonra qəbul edilib. Öz dövründə daşqalaq olunan, ölümə məhkum edilən saysız-hesabsız dahilər var ki, böyük bir zaman keçdikdən sonra onun dahiliyi danılmaz fakt olaraq təsdiqini tapıb.

Amma Ulu Öndər Heydər Əliyevin dahiliyi elə öz zamanında qəbul edildi. Əzilən, millətlər içində imzası olmayan, böyük güclərin təsir altında saxlamaq istədiyi, əsrlərlə yadların əsarətində yaşamağa məcbur edilən bir xalqı xilas edib, əbədi və dönməz müstəqilliyi ona bəxş edən bir dühanın zamanında da, sonrakı dönəmlərdə də sevilməsi, adi şəxsiyyət deyil, ilahi qüdrətin seçib göndərdiyi fövqəlinsan kimi qəbul edilməsi tamamilə təbiidir. Fəqət, Ulu Öndər Heydər Əliyev dahiliyinin hərtərəfli, bütün çalarları ilə anlaşılmasına yenə zaman lazım gəlir. Bu böyük azərbaycanlının həyatını, keçdiyi hamar olmayan yolu vərəqlədikcə, insan anlayır ki, Ulu Öndər Heydər Əliyev hər birimiz kimi, sadəcə, ana bətnindən doğulub dünyaya göz açan, adi insan kimi həyata gəlib, adi insan kimi yaşayan sıravi bir şəxs deyil. Bəzən bu adın qarşısında "seçilən" kəlməsi işlədilir. Hesab edirəm ki, Heydər Əliyev, sadəcə, seçilən deyil, İlahi varlıq tərəfindən göndərilən elə bir qüdrətdir ki, Onun böyüklüyünü olduğu kimi anlamaq hələ də bizlərə-adi insanlara nəsib deyil. Dahilərin heç də hamısı cəmiyyətin və bəşəriyyətin inkişafına mühüm töhfələr verməklə, bu zirvəyə qalxmır. Söz sənəti ilə insanların beyinlərində bəşəri duyğular yaratmağa nail olan, musuqi sənətində qeyri-adi bəstələri ilə milyonların qəlbinə hakim kəsilən, memarlıqda yaratdığı möhtəşəm abidələri ilə min illərlə insanların qəlbində yaşayan, dünyanı gözəllik abidələri ilə işığa səsləyən, eynilə rəssamlıqda, elmdə və cəmiyyətin digər sahələrində zirvələr fəth edib, dahiliyə və ölməzliyə çatan minlərlə seçilmişlər gəlib-gedib qoca dünyada. Heç şübhə yoxdur ki, Heydər Əliyev gənc yaşlarından siyasəti deyil, istənilən digər sənəti seçmiş olsaydı, həmin sənətdə də bəşəriyyəti heyran edəcək dərəcədə böyük sənət möcüzələri yaradıb, dünyanın inkişafına öz sənət möhürünü vurardı. Lakin onu göndərən İlahi varlıq yüz illər boyu məşəqqətlərə düçar edilmiş qədim bir xalqın xilası missiyasına yönləndirdi. Yaşadığı həyatında dəfələrlə böyük təhlükələrlə üz-üzə qalan, hər birindən qələbə ilə çıxan, uca varlığın bəxş etdiyi qeyri-adi istedadını mənsub olduğu xalqın xilası və xoşbəxt gələcəyi naminə sərf edən, ahıl yaşlarında belə yorulmaq, usanmaq nə olduğunu bilməyən Ulu Öndər Heydər Əliyevin bütün zamanlarda İlahi bir qüdrət tərəfindən qorunması Tanrının xalqımıza olan sevgisi ilə birbaşa bağlıdır. Məhz sevdiyi, bəşəriyyət üçün gərəkli hesab etdiyi toplumlara, millətlərə, xalqlara belə şəxsiyyətləri nəsib edir Ulu Tanrı! Bəşəriyyətin inkişafında xilaskarlıq missiyası ilə göndərilən dahilər çox olub.

Əzən, qan tökən şeytan xislətlilərin qaşısında sipər olmaq, mənsub olduğu millətini, ümumən dünyanı xilas etmək naminə ömrünü şam kimi əridən dahilər tarix boyu olub və bundan sonra da olacaq. Lakin Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası onunla fərqlənir ki, bu gün dünyanın xəritəsində o qədər də böyük olmayan, torpağının altı da, üstü də qiymətli sərvət olan bir məmləkətin boyunduruq altında yaşamağa məhkum edilmiş sakinlərinin azadlıq istəklərini reallaşdırmaqla kifayətlənmədi, bu kiçik məmləkətin bəşəri xilaskarlıq missiyasının da bünövrəsini qoydu və onun inkişaf proqramını işləyib, gələcək yollarımızda da mayak yandırdı. Məhz özünün müdrik kəlamı ilə desək, "Azərbaycan dünyaya günəş kimi doğdu!" İndiki dünya düzənində kiçik bir məmləkətin ümumbəşəri missiya yükünü çiyinlərinə götürüb, bu mussiyanı uğurla davam etdirməsi möcüzəyə bənzər hadisədir. Lakin gerçəklikdir və bu gerçəkliyi millətimizə bəxş edən, Tanrının göndərdiyi böyük düha sahibi Heydər Əliyevdir. Ölməzlik, əbədi yaşarlıq qazanan Ulu Öndər Heydər Əliyev! Doğum günün mübarək, ULU ÖNDƏR! Nə yaxşı ki, doğuldun, nə yaxşı ki, göndərildin!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə