Bu gün Göyçayda Nar Bayramı qeyd edilir

Bu gün Göyçayda Nar Bayramı qeyd edilir

Artıq 5-ci ildir ki, Göyçayda Nar Bayramı qeyd edilir. Hər ildən fırqli olaraq bu ilki Nar Bayramı daha rəngarəng cəhətləri ilə yadda qalır. Belə ki, bu ilki bayram yerli qonaqlarla yanaşı 7 ölkədən 50-yə yaxın iştirakçının qatılması ilə beynəlxalq səviyyədə qeyd edilir.

SİA-nın məlumatına görə, bayram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən diplomatik strukturlar və beynəlxalq təşkilatların nümayəndələri də diqqətdən kənarda qalmayıb. Belə ki, 11 Noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları "İRƏLİ" İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən 70-ə yaxın diplomatik strukturun təmsilçilərinə təqdim olunub. Bir çox səfirlər sovqatları şəxsən qəbul etmiş və Nar Bayramını və ümumiyyətlə bu aksiyanı çox yüksək dəyərləndiriblər.

Qeyd edək ki, bu gün Nar Bayramı saat 12:00-da Göyçay şəhərinin Əli Kərim küçəsində qonaqların qarşılanması ilə başlayacaq və bayram tədbirinə baxışla davam edəcəkdir. Daha sonra ulu öndər Heydər Əliyevin abidəsi önündə bayramın açılış mərasimi keçiriləcəkdir. Gün ərzində bədii kompozisiya və nar yarmarkalarına baxış keçiriləcəkdir.

Ziyafətdən sonra isə bayram konserti keçiriləcək və tədbir atəşfəşanlıqla yekunlaşacaqdır. Nəzərinizə çatdıraq ki, nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikasında yetişsə də, Göyçay yeganə şəhərdir ki, burada narın bütün növləri yetişir. Dünya bazarında nara çox böyük tələbat vardır. Narın bir çox müalicəvi xüsusiyyətləri ilə yanaşı xüsusilə vurğulanmalıdır ki, nara cənnət meyvəsi deyirlər, çünki Qurani-Kərimdə narın adı keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə