"Sarkisyanın apardığı siyasət "kupça sahibləri"ni narahat etməyə bilməzdi" MÜSAHİBƏ

"Sarkisyanın apardığı siyasət "kupça sahibləri"ni narahat etməyə bilməzdi" MÜSAHİBƏ

Fəzail İbrahimli: "Ermənistanda hadisələrin orbitdən çıxıb vətəndaş müharibəsinə keçməsinə imkan vermirlər"

Müsahibimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlidir

- Fəzail müəllim, son vaxtlar Azərbaycandan gedən bəzi mühacirlər ölkəmizə və xalqımıza qarşı təhqiramiz ifadələr səsləndirir, videolar paylaşırlar. Sizcə, onları ölkəmizə qarşı anti-təbliğat kampaniyası aparmağa hansısa xarici qaranlıq dairələrin təhrik etdiyini demək olarmı?

- Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin ölkəmizə olan marağı və bu maraqlar altında gizlənən məkrli niyyətlər müxtəlif formada ifadə olunur. Sual olunur, dünya dövlətləri içərisində hansı dövlətin ərazisi işğal olunub? Heç bir dövlətin. Ancaq dünya bilir ki, Ermənistan 25 ildir ki, Azərbaycanın torpaqlarını işğal edib. Amma bu məsələyə beynəlxalq təşkilatlar və böyük dövlətlər susqunluq göstərir, işğal faktına göz yumurlar. Bilirsiniz, məsələyə real müstəvidən yanaşmaq olar. Demək lazımdır ki, ilk olaraq, sən mənim haqqımı özümə qaytar və daha sonra məndən nə isə tələb elə. Dövlətlərin və xalqların da hüquq və vəzifələri var. Bizdən tələb olunanlar əsasız və absurddur. Çünki 25 ildir ki, Azərbaycanın torpaqları işğal olunub. Bununla bağlı BMT və digər beynəlxalq təşkilatların qətnamələri var. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupu da yaradılıb, amma real nəticə yoxdur. Bu reallığı da dünyanın böyük dövlətləri çox yaxşı bilir. Azərbaycanın işğal olunan 20 faiz torpağını azad etmək nə dərəcədə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər üçün çətindir? Bu, dünya üçün rəzil və dözülməz vəziyyətdir.

Gücləri çatmır işğalçıya? Bunlar nəinki torpaqlarımızı işğaldan azad etmək istəmirlər, hətta indiyə qədər işğalçını öz adı ilə çağırmayıblar. Bu münaqişənin həllinə ikili yanaşamadan başqa bir şey deyil.

- Ermənistanda kütləvi şəkildə insanlar döyülür, öldürülür, həbsə atılır, dünya birliyi isə susur. Azərbaycanda isə xırda insident baş verəndə, hay-küy salırlar?

- Ermənistan parlamentində deputatlar gülləbaran edilir, anti-demokratik şəkildə keçirilən seçkilərə etiraz etmək üçün küçələrə çıxanlar öldürülür, amma beynəlxalq təşkilatlarda bunun birinin adı tutulmur. Hazırda Ermənistanda cəryan edən xaos və anarxiyaya, özbaşınalığa dünya birliyi çox soyuqqanlı, bir az da narahatçılıq formasında yanaşma nümayiş etdirir. Əgər Azərbaycanda bu hadisələr baş versəydi, indi dünya ölkəmizin üstünə çökmüşdü. Azərbaycana qarşı olan tələblərin özündə məntiq yoxdur. AŞPA işğalçı dövlətlə, işğala məruz qalan dövlət arasında heç bir fərq qoymur, onlara eyni statusa malik dövlətlər kimi yanaşır, hətta müəyyən məsələlərdə bir az da tərəzini işğalçı dövlətə tərəf əyir. Bu, haqsızlıq və ədalətsizlikdir. AŞPA münaqişənin həllinə müdaxilə edilməlidir. Ermənistana işğalçı dövlət kimi vaxt verməlidir ki, bu torpaqlar işğaldan azad edilsin. Təəssüf ki, dünyada bir oyun gedir. Artıq orta məktəb şagirdləri də dünyada gedən prosesləri görür və bilir.

- Belə çıxır ki, hədəf ancaq müsəlman ölkələridir?

- Hal-hazırda yer üzündə, adı qoyulmasa da, bir müharibə gedir. Burada söhbət müsəlman dünyasına qarşı gedən müharibədən gedir. Ərəb dünyası qan içərisindədir, Türkiyə siyasi burulğanlara cəlb edilib, gah dövlət çevrilişi etmək istəyirlər, gah ərazisini işğal etmək və orada başqa dövlət yaratmaq istəyirlər, indi də cəlb olunub Suriya prosesinə. Amma Türkiyə dövləti güclüdür, qüdrətlidir, onların qabağında dayanır və dayanacaq da.

- Ermənistandakı hadisələrdən bəzi yerli və xarici qüvvələr ruhlanıblar. Bunun Azərbaycanda təkrarlanması üçün sosial şəbəkələrdə iş aparırlar. Sizcə, nəyə görə, bir qrup ünsür yenidən ötən əsrin 90-cı il hadisələrinin Azərbaycanda təkrar olunmasını arzu edirlər?

- Ermənistandakı hadisələrin Azərbaycanda təkrarlanmasını istəyən qüvvələr ölkəmizi sevməyən qüvvələrdir. Bu gün dünyaya nümunə ola biləcək sabitliyimiz, iqtisadi, siyasi və hərbi uğurlarımız var. Azərbaycan, həqiqətən də, sabitlik adasıdır. Bu uğur və nailiyyətlərə toxunmaq olmaz. Hal-hazırda Ermənistanda baş verən hadisələr ermənipərəst dairələrdə ciddi narahatlıqlar yaradıb. Xüsusilə də, Ermənistanda məcrasından çıxmaqda olan baş verən hadisələrdən Rusiya təşvişə düşüb. Demək olar ki, bu proseslərdə bəzi güclərin və erməni lobbisinin öz proqramları var. Erməni lobbisi və bəzi güclər Ermənistanda hadisələrin orbitdən çıxıb, vətəndaş müharibəsinə keçməsinə imkan vermirlər.

- Rusiya Ermənistana nəzarəti itirərsə, bu ölkədə vətəndaş müharibəsi baş verə bilərmi?

- Ataların belə bir məsəli var: çoxbilmiş quş dimdiyindən ilişər və ya sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Yəni bu misalların hər ikisi Ermənistana aiddir. Rusiya açıq şəkildə elan elədi ki, Ermənistan onların forpostudur. Qarabağı kim işğal edib? Guya erməni işğal edib? Qarabağı ermənilərin də iştirak etdiyi rus hərbi qüvvələri işğal edib. Rusiyanın Xankəndidəki 366-cı motoatıcı diviziyası ermənilərə kömək etməklə Xocalıda insanlığa və bəşəriyyətə qarşı yönələn cinayətlər törətdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan olundu. Hazırda Qafqaz üzərində nüfuz dairəsi uğrunda müharibə gedir. Bu baxımdan, bu günlər Azərbaycan, Gürcüstan və Ermənistan çətin bir durumla üzləşiblər. Azərbaycan apardığı balanslaşdırılmış siyasəti ilə sabitliyini qorumaq istəyir. Ermənistandakı vəziyyət isə, son dərəcədə kritikdir. Serj Sarkisyanın hakimiyyətdə olduğu son dönəmlərdə apardığı Avropa yönümlü siyasət və Avropaya meyil etməsi artıq onun bir kadr kimi yararsızlığını ortaya qoymuşdur. Çünki Ermənistan özəlləşmiş bir respublikadır. Sarkisyanın apardığı siyasət "kupça sahibləri"ni narahat etməyə bilməzdi və bu baxımdan, onun arxasında dayanmadılar. İndi Avropa özünün Avropa düşüncəli, istəkli və istiqamətləndirdiyi adamını hakimiyyətə gətirmək istəyir. Erməni lobbisinin də istəyi Avropa istəyi ilə üst-üstə düşür. Rusiyada da özünün nüfuz dairəsini burada saxlamaq üçün cəhdlər edir. Ümumiyyətlə, hər bir dövlət, o cümlədən, istər ABŞ, istərsə də Avropa Cənubi Qafqazda öz nüfuz dairəsini qoruyub-saxlamaq üçün müxtəlif metodlardan istifadə edir. Yəni pul buraxırlar, təbliğatla məşğul olurlar və içəridə adamlar hazırlayırlar.

- Sizcə, Ermənistanda Avropa düşüncəli şəxs hakiyyətə gələrsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq olarmı?

- Kim Ermənistan vasitəsi ilə Dağlıq Qarabağ probleminin həllini düşünürsə, o, çox sadəlövh adamdır.

- Niyə?

- Ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın cibindədir. Ermənistanın ağası olan Rusiya nə zaman Dağlıq Qarabağın işğaldan azad edilməsini istəsə, onda Dağlıq Qarabağ azad olunacaq.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə