Hicran Hüseynova: “Parlamentdə təmsil olunan qadınların sayının artması dövlətimizin gender siyasətinə verdiyi önəmin nəticəsidir" - AÇIQLAMA
"Azərbaycan Parlamentində təmsil olunan qadınların sayının artması dövlətimizin gender siyasətinə verdiyi önəmin nəticəsidir". Bu sözləri jurnalistlərə açıqlaması zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən gender siyasəti nəticəsində artıq qadınların mövqeyi tamam dəyişib: "Bu ilə qədər parlamentdə 14 qadın təmsil olunurdusa, indi bu rəqəm 19-a çatıb. Bu isə bizim üçün çox böyük nailiyyətdir".
Keçiriləcək görüş haqqında danışan komitə sədri bildirib ki, Azərbaycanla Küveyt arasında imzalanan əməkdaşlıq haqqında memorandum çox önəmlidir: "Müsəlman dünyası çox genişdir. Belə bir mövzuda Küveytin dəstəyi bizim üçün əhəmiyyətlidir. Küveyt dövlətinin qadın məsələləri üzrə dövlət komitəsinin sədri Şeyxə Lətifə bu gün bizimlə "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusundakı dəyirmi masada iştirak edəcək. Belə bir mövzuda bizim toplaşmağımız hər iki dövlətin ideyaları üçün əlverişlidir. Hicran Hüseynova Azərbaycanda gender probleminin həllinində cəmiyyətin köməyinə ehtiyac olduğunu vurğulayıb: "Azərbaycan Avropa ölkələri ilə müqayisədə heç də geridə deyil. Azərbaycanda qadınlar iş fəaliyyəti ilə məşğul olmağa bir çox İslam ölkələrindən tez başlayıblar. Unutmayaq ki, ölkəmiz hələ də münaqişə və müharibə dövründədir. Belə bir dövrdə qadınların irəliləyişi təqdirəlayiq hadisədir. Bəzi milli adət-ənənələrə görə qadınlarla kişilərin arasında hüquq bərabərliyi pozulsa da bunun gələcəkdə həll olunmasına çalışırıq. Amma bu işlərdə cəmiyyət də bizə kömək etməlidir. Hər bir ölkə çalışmalıdır ki, cəmiyyətdə qadınlarla kişilərin hüquqları bərabər olsun".
Komitə sədri Küveytlə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyini deyərək bildirib ki, bu görüş münasibətlərə təsir edəcək: "Bu görüşdən sonra xeyli yeni münasibətlər qurulacaq. Ölkələrarası parlamentlərin, ailə, qadın və uşaq problemləri üzrə komitələrinin əlaqəsi inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB