Azərbaycana qarşı hücumların pərdə arxası

Azərbaycana qarşı hücumların pərdə arxası

Dünyada mövcud olan qlobal maliyyə böhranın fonunda Azərbaycanın iqtisadi inkişafı, valyuta ehtiyatlarının yüksək səviyyəsi, ölkədə sosial yönümlü tədbirlərin, əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan strategiyanın həyata keçirilməsi, yeni-yeni beynəlxal miqyaslı, eyni zamanda regional layihələrin gerçəkləşməsi günün reallığıdır. Bütün dünya ictimaiyyətinə bəllidir ki, ölkəmiz öz sərvətləri, yeraltı ehtiyatları və yerüstü imkanları ilə yanaşı, kənd təsərrüfatı sahəsində nailiyyətləri, aqrar islahatlar aparılması sayəsində qazandığı uğurlar, istehsal və sənayenin inkişaf etdirilməsi hesabına iqtisadi imkanlarını durmadan artırır.

Azərbaycanın qazandığı uğurlar, nailiyyətlər, ələxüsus beynəlxalq miqyaslı iqtisadi layihələr ölkəmizin nəinki hazırki stabil yaşayış şəraitini təmin edir, hətta gələcək inkişafına da böyük zəmin yaradır. Ölkəmiz neft-qaz ixrac edən ölkə kimi tanınır və hazırda bu ehtiyatların nəqli uğurla həyata keçirilir, yeni-yeni sazişlər bağlanılır, daha yeni imkanlar əldə edilir. Bu isə öz növbəsində Azərbaycanın bir ölkə kimi istər iqtisadi imkanlarının genişlənməsini, istər sosial yönümlü tədbirlərinin səviyyəsinin artnasını, istər hərbi qüdrətini, istərsə də digər sahələrdə inkişafını şərtləndirir.

Qlobal böhran şəraitində Azərbaycanın inkişafını həzm edə bilməyənləri qısqanlığı qərəzli mövqe şəklində təzahür edir

Əfsuslar olsun ki, bu qədər nailiyyətlərin, bu qədər yüksək göstəricilərin, belə bir iqtisadi inkişaf tendensiyasının fonunda Azərbaycan bəzi beynəlxalq təşkilatların qərəzi ilə qarşılaşmalı olur. Daha dəqiq və qısa şəkildə ifadə etsək, indiki böhranlı bir dövrdə Azərbaycanın inkişafını həzm edə bilməyənlərın paxıllığı, qısqanclığı məkirli niyyətlərində, qərəzli mövqeyində təzahür edir. Maraqlı burasıdır ki, Avropa Şurasında 600-dən artıq deputat fəaliyyət göstərir ki, öz ölkələrində hətta əhalisinin əksəriyyətinin belə tanımadığı Danimarkalı Maykl Astrup Yensen, Fransalı Fransua Roşeblan, Almaniyalı Frank Şvabe kimi bir neçə deputatı Azərbaycanda əhali daha yaxşı tanıyır. Çünki statistika göstərir ki, daha çox Azərbaycan mövzusunda çıxış edirlər və həmişə Azərbaycana qarşı kəskin tənqidi fikirlər söyləyirlər. Demokratik dəyərlərə bu qədər önəmmi verirlər? Təəssüf ki, yox.

Bu insanlar, həqiqətən də, Azərbaycanın həll olunmalı problemlərindən narahat olsaydılar, Azərbaycan vətəndaşlarının daha gözəl bir cəmiyyətdə yaşamasını səmimiyyətlə arzu etsəydilər, həqiqi demokrat olsaydılar, heç olmazsa, bir dəfə Azərbaycanın ən ağrılı problemindən, ölkənin işğala məruz qalmasından bəhs edərdilər. Bu problemin həllinə, qaçqınların haqlarının müdafiəsinə çalışardılar. Yaxud, özlərinin yardım etməmələri bir yana, bu genişlikdə qlobal böhran şəraitində Azərbaycanın bu ehtiyaclı insanlara, məcburi köçkünlərə yardımlarını, sosial durumunun yaxşılaşdırılması üçün köməkliklərin, güzəştlərin edilməsini, problemlərinin həlli istiqamətində müxtəlif layihələrin reallaşdırılmasını niyə diqqətə çatdırmırlar? Niyə onlar heç vaxt bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olmasından danışmayıblar? Bu haqda gedən müzakirələrə qoşulmadıqları bir tərəfə, niyə bu ehtiyaclı insanlara qarşı ölkəmizin humanist addımını, iqtisadi yardımlarını, dəstəyini, mühafizəsini bircə dəfə dilə gətirib Azərbaycanı tərif etməyiblər? Nə üçün Azərbaycana aid müsbət fikir dilə gətirməyiblər? Bu tapşırığı onlara kim verir, hansı dairələr onları yönəldir? Əgər onları yönəldən vicdanları olsaydı, demokratik prinsiplərə istinad etsəydilər, humanizmi rəhbər tutaraq münasibət bildirsəydilər, əlbəttə ki, heç olmazsa, zahiri görünüş naminə bircə dəfə də olsa Azərbaycanın dərdlərindən söz açar, ölkəmizin sosial siyasətini və humanizm prinsiplərini tərif edər, dəyərləndirərdilər. Məlum olur ki, onlar Azərbaycanın dostları deyillər və barışmaz, sifarişli bədxahlardır. Avropa Şurası bütün bunları nəzərə alaraq, əsl demokratlarla demokratiya kuklalarının fərqini müşahidə edərək, bu mütəşəkkil riyakarlıqdan xilas olmaq haqqında düşünməli və qətiyyətli addım ataraq öz nüfuzunu qorumalıdır, başqasını haqsız olaraq mühakimə etmək əvəzinə.

Ən xırda problemə böyüdücü şüşə ilə baxılan AŞPA siyasi təzyiq vasitəsinə çevrilib

Yenə də AŞPA Azərbaycana qarşı münasibətlərində ikili standartlar siyasətindən istifadə edir və ədalətsizlik nümayiş etdirir. Bu qurumun son müzakirələri bir daha təsdiq etdi ki, fəaliyyətləri sifariş üzərində qurulmuşların ölkəmizə qarşı mövqeyi barışmazdır. İstintaq qrupunun qeyri-obyektiv hesabatı, qəbul olunan son qətnamə əlbəttə ki, qərəzlidir. Korrupsiya ittihamları üzrə istintaq qrupunun qeyri-obyektiv hesabatı əsasında qəbul olunan qətnamə bəzi siyasi dairələrin rəsmi Bakıya qarşı təzyiq siyasətinin davamı, təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlanğıcı kimi qiymətləndirilir.

Qonaqpərvərlik nə vaxtdan korrupsiya hesab olunur? Nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz otel, təyyarə və s. bu kimi məsələlər hansı əsasla korrupsiya əlaməti hesab edilə bilər? Avropa mədəniyyəti deyib dünyaya mədəniyyət dərsi keçmək istəyənlər qonaq, nümayəndə qismində ölkələrinə təşrif buyurmuş insanların qarşılanması mədəniyyətindən xəbərsizdirlərmi? Yoxsa car çəkib öz mədəniyyətini təlqin etmək istəyən Avropada belə mədəniyyət yoxdur? Belə olan halda, bəlkə Avropanı təmsil edənlər avropalıların təbirincə deyib, etiraf etsinlər ki, həqiqətən, Avropada yaşamaq, onu təmsil etmək Avropa mədəniyyətinə sahib olmaq demək deyil və Azərbaycan bu xüsusda daha üstündür. Bəlkə Avropa Şurasında etiraf olunsun ki, Azərbaycan qlobal maliyyə böhranı şəraitində elə bir iqtisadi inkişafa, elə bir maliyyə imkanlarına yiyələnib ki, ölkəyə gələn qonaqları yüksək qonaqpərvərliklə qarşılamaq imkanlarına malikdir.

Göründüyü kimi AŞPA-nın timsalında bəzi beynəlxalq qurumlar və ermənipərəst güclər, xristian həmrəyliyini dəstəkləyən, amma özünü demokratik adlandıran qüvvələr Azərbaycanın iqtisadi yüksəlişini etiraf etmək niyyətində deyillər. Əksinə, bu inkişafa, bu yüksəlişə kölgə salmaq üçün əllərindən gələni də əsirgəmirlər. Hamısına bəllidir ki, iqtisadi qüdrəti olan Azərbaycan istər sosial yönümlü tədbirlər, istər əhalinin rifah halının yaxşılaşdırılması, istərsə də yeni-yeni beynəlxalq layihələrin reallaşdırılması istiqamətində və ümumiyyətlə hər bir sahədə öndədir. Bu gün ölkəmizə irad tutan AŞPA nümayəndələrinin özlərinin təmsil etdiyi ölkələrə də örnəkdir. Belə olan halda nəyə görə Azərbaycan həqiqətlərini etiraf etmirlər? Nəyə görə ölkəmizin inkişafını, demokratik mühiti, sosial durumu, əhalinin rifahını, ictimaiyyətin dövlət siyasətini dəstəkləməsini, ölkə rəhbərliyinə etimadını müsbət dəyərləndirmirlər?

Azərbaycana qarşı bir qərəz formalaşıb və ölkəmizin inkişafı bəzi dairələrin yuxusunu ərşə çəkib

Neft ixrac edən ölkə kimi Azərbaycan bir neçə il bundan əvvəl pay bölgüsünə yenidən baxandan və daha böyük faizə sahib olduqdan sonra elə bil bəzilərinin baxış bucağı 180 dərəcə dəyişdi. Təbii ki, daha çox faizə sahib olmaq daha böyük gəlirlərin əldə edilməsi, nəticədə daha sürətli, dinamik inkişaf deməkdir. Bu inkişaf tendensiyası ölkəmizin daha suveren, daha müstəqil ölkə olması, daha böyük imkanlar əldə etməsi anlamına gəlir. Bu eyni zamanda o deməkdir ki, Azərbaycan öz həyat şəraitinə, sabitliyinə, stabilliyinə, demokratikliyinə görə dünya ölkələrini qabaqlayır və böyük əksəriyyətinə örnəkdir. Məhz bu səbəbdən, Azərbaycana qarşı bir qərəz formalaşıb və ölkəmizin inkişafı bəzi dairələrin yuxusunu ərşə çəkib. Təbii ki, Azərbaycan əlyhinə fəaliyyət də, səsləndirilən neqativ rəylər də hər biri öz növbəsində əvvəlcədən planlaşdırılıb və məkirli niyyətlərə xidmət edir. Daha doğrusu, ölkəmizə qarşı təpkilərin pərdə arxasında, əslində, iqtisadi maraqlar dayanır və hər bir anti-Azərbaycan fəaliyyət göstərən qüvvə təsir mexanizmini gücləndirərək ölkəmizi müəyyən razılaşmalara məcbur etmək niyyətindədir. Sözsüz ki, ölkələrin nüfuzu iqtisadi göstəricilərdən bilavasitə asılıdır və hər bir tərəf daha üstün faizlər, daha sərfəli şərtlər əldə etmək niyyətindədir. Məhz elə buna görə də Azərbaycana qarşı təzyiqlər başa düşüləndir və hər bir əks mövqe, hər bir neqativ ikrin arxasında iqtisadi maraqların dayandığını da təkzib etmək olmaz.

Söz yox ki, iqtisadi göstəriciləri üstün olan tərəf diqtə etmək imkanına malikdir və bu baxımdan Azərbaycanı belə məkirli niyətlərlə, şər və böhtana əsaslanan müxtəlif təpkilərlə sarsıtmaq olmaz. Az qala xırda məişət hadisələrini arqument kimi səsləndirmək cəhdi AŞPA kimi beynəlxalq təşkilata heç yaraşmır və bununla Azərbaycana təsir edəcəklərini düşünürlərsə bərk yanılırlar. Ölkəmizin qüdrəti artıq elə bir səviyyədədir ki, heç bir kənar qüvvə öz şərtlərini məcbur şəkildə bizə qəbul etdirə bilməz və Azərbaycan öz milli maraqlarına, dövlətçilik prinsiplərinə sadiq inkişaf tendensiyasını davam etdirməkdə israrlıdır.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə