Meksikanın “The News” qəzeti: "Azərbaycanda parlament seçkiləri ədalətli keçirilib"

Meksikanın “The News” qəzeti: "Azərbaycanda parlament seçkiləri ədalətli keçirilib"

2010-cu ilin 7 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin işıqlandırılması məqsədi ilə Meksikanın "The News" qəzetinin müxbiri Teres Marqolis (THÉRÈSE MARGOLIS) seçki prosesini bilavasitə izləmək məqsədi ilə Bakıya səfər edib. Azərbaycanın Meksikdakı səfirliyindən SİA-ya verilən xəbərə görə, qəzetin müxbiri T.Marqolis seçki məntəqələrində olmuş, səsvermə prosesi ilə yaxından tanış olub. Seçkiləri izləyərkən xanım T.Marqolis iqtidar və müxalifət nümayəndələrindən müsahibələr alıb.

 

Seçkilərdən dərhal sonra "The News" qəzetində ölkəmizdə başa çatmış parlament seçkilərinə dair "Müşahidəçilər: "Azərbaycanda parlament seçkiləri ədalətli keçirilmişdir" başlıqlı geniş məqalə dərc edilib. Məqalədə, 1000-dən artıq beynəlxalq müşühidəçilərin seçkilərin ədalətli, açıq və şəffaf keçirildiyi barədə bəyanatlarına istinadən qeyd edilib ki, hələ seçkilərdən öncə həm beynəlxalq, həm də yerli analitiklər tərəfindən hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının birmənalı şəkildə qalib gələcəyi proqnozlaşdırılırdı. Buna səbəb kimi, 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi və hazırkı iqtidarın ölkədə böyük nüfuza sahib olması göstərilib.

 

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının Sədri M.Pənahovun sözlərinə istinadən vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP tərəfindən universal seçki hüququ və seçici inamına təminat vermək məqsədi ilə yeni monitorinq təchizatı və xüsusi təlimlərin təşkili üçün ümumi seçki kampaniyasına 40 milyon dollar məbləğində investisiya qoyulub. Eyni zamanda məqalədə, internet vasitəsi ilə 11 saat səsvermə zamanı müşahidəçilərin prosesi canlı izləməsi üçün MSK tərəfindən ölkə ərazisində seçki məntəqələrində veb-kameraların quraşdırılması, həmçinin MSK Sədrinin sözlərinə istinadən müracət edib bütün beynəlxalq təşkilat, QHT və mətbuat nümayəndələrinin akkreditə edilməsi və seçkilərin demokratik şəkildə keçirilməsi üçün lazımı tədbirlərin görüldüyü bildirilir.

 

Xüsusi ilə qeyd edilib ki, bir sıra mötəbər beynəlxalq müşahidəçilərin fikrinə əsasən, seçki prosesində heç bir ciddi qanun pozuntularına yol verilməyib və həm yerli, həm də beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin rəyinə əsasən, seçkilər ədalətli və açıq şəkildə aparılıb. "Mən seçkilər zamanı heç bir ciddi problemlərin baş verməsi barədə şikayət eşitməmişəm", deyən AŞPA-nın Baş müşahidəçisi Paul Villenin sözlərinə istinad edilib.

 

Qeyd edilən məqalədə, Azərbaycan haqda oxuculara ümumi məlumat verən müəllif, neft və qazla zəngin Azərbaycanın Cənubi Qafqaz regionunda bir sıra böyük ölkələrin geo-siyasi maraqlarının kəsişdiyi strateji əhəmiyyətli ərazidə yerləşdiyini qeyd edib.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkənin 20 faiz ərazilərinin, habelə Dağlıq Qarabağ və yeddi ətraf rayonların işğal edildiyi məsələsinə toxunulub, o cümlədən münaqişə nəticəsində öz torpaqlarından qaçqın düşmüş bir milyonadək insanın səsvermə zamanı bir çox çətinliklərlə üzləşməsi probleminə də xüsusi əhəmiyyət verilib.

 

Xatırladaq ki, Latın Amerikası regionunda geniş nüfuza malik "The News" qəzeti Meksikada ingilis dilində yeganə və gündəlik nəşr edilən mətbu orqandır.

Bütün xəbərlər Facebook səhifəmizdə