ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk: “Azərbaycanda parlament seçkiləri şəffaf, demokratik və sülh şəraitində keçirilib" - SƏS TV
"Azərbaycanda parlament seçkiləri şəffaf, demokratik və sülh şəraitində keçirilib. Ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edilib". SİA-nın xəbərinə görə, bunu ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk deyib.
O bildirib ki, əvvəlki seçkilərlə müqaisədə hazırki seçkilərdə bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsi və MSK-da öz yerlərini tutması müsbət hal kimi dəyərləndirilir: "Bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. Qeydiyyatından imtina edilən 172 namizədin 43-nün şikayəti təmin olunub".
Neqativ hallara gəlincə, V.Qrossruk bir partiyanın seçki prosesində dominantlıq etməsini, elektron və çap KİV-də balansın olmamasını, seçki kampaniyasında təbliğat-təşviqat dövrünün qısaldılmasını və son anda edilən qanunvericilik dəyişikliklərini qeyd edib.
AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville isə çıxışında seçkilərin dinc atmosferdə və beynəlxalq standartlara uyğun keçdiyini söyləyib. Onun sözlərinə görə, seçki administrasiyası şəffaf və demokratik şəraitdə işləyib.
P.Ville eyni zamanda seçkilərdə zorakılıq hallarının mövcud olmadığını qeyd edib: "Bunlar hamısı bizə ümid veriri ki, Azərbaycanda siyasi dialoqun davamı üçün münbit şərait yaradılacaq".
Bütün müsbət məqamlara baxmayaraq AŞPA müşahidə missiyasının rəhbəri, bir sıra çatışmazlıqlara da toxunub: "Burada mənfi hallar kimi namizədlərin qeydə alınmasında mövcud olan bəzi problemlər, mediyada namizədlərə bərabər şəraitin yaradılmaması və siyasi debatların olmamasını misal kimi göstərmək olar".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover isə demokratik seçkilər üçün Azərbaycan dövləti tərəfindən lazımı şəraitin yaradıldığını bildirib: "Seçki günü səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilən 1100 səsvermə məntəqəsində demək olar ki, 90 faizində müsbət qiymətləndirib, 10 faizində isə problemlərin oldu".
O, MSK-nın prosesdə rolunu müsbət qiymətləndirib, lakin namizədlərin qeydiyyatı prosesində pozuntuların olduğunu söyləyib. O.Qlover ölkənin iqtisadi cəhətdən inkişafının müsbət olduğunu və bu cür inkişafın demokratiya sahəsində də görəcəyinə ümidvar olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB