ARDNŞ əməkdaşları Milli Qəhrəmanın ata ocağını ziyarət ediblər

ARDNŞ əməkdaşları Milli Qəhrəmanın ata ocağını ziyarət ediblər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Mübarizin son məktubu" mövzusunda Sumqayıt məktəbliləri arasında keçirilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan müsabiqənin qalibləri, habelə "Azərikimya" İB-nin, Sumqayıt şəhər Hərbi komissarlığının və Gənclərin və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun Biləsuvardakı ata ocağını ziyarət ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, M.İbrahimovun böyüdüyü Əliabad kənd sakinlərinin və məktəblilərin də iştirak etdiyi görüşdə qəhrəmanın atası Əlikram İbrahimov oğlunun uşaqlıq və məktəb illərindən, qısa, lakin nəsillərə nümunə ola biləcək şərəfli ömür yolundan, Mübarizin Milli Ordu sıralarında xidmətindən söhbət açıb.

Görüşdə "Azərikimya" İB-nin nümayəndələri və digər sumqayıtlı qonaqlar Vətən üçün qeyrətli, mərd və cəsur oğul böyütdüklərinə görə İbrahimovlar ailəsinə Birliyin çoxminli kimyaçılar kollektivi və bütün sumqayıtlılar adından dərin minnətdarlıq bildiriblər. Milli Qəhrəmanın xatirəsinə həsr olunan müsabiqənin qalibləri Mübariz İbrahimova ithaf olunan şeirlər söyləyib, sumqayıtlı gənc rəssam Murad Kərimov tərəfindən çəkilib "İgid Vətən əsgəri Mübariz İbrahimov" portreti onun ailəsinə bağışlanıb. Milli Qəhrəmanın atası sumqayıtlı qonaqlara göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə