Arzu Nağıyev: “Əsas məqsədlərdən başlıcası Qarabağ münaqişəsinin həllidir” MÜNASİBƏT

Arzu Nağıyev: “Əsas məqsədlərdən başlıcası Qarabağ münaqişəsinin həllidir” MÜNASİBƏT

“Yeni yaradılacaq hökümətin ideoloji proqramındakı əsas məqsədlərdən başlıcası Qarabağ münaqişəsinin həllidir”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, neft strategiyası artıq regional siyasətdən qlobal miqyasda inkişaf edəcək və “Əsrin müqaviləsi” davam edəcək: “Yəni, iqtisadi məsələlərdə əsas prioritet istiqamət “Şahdəniz” layihəsi çərçivəsindədir. “ Bakı-Tbilisi-Qars” dəmiryolu xətti, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, xarici investorların cəlb olunması gündəmdə olan əsas iqtisadi məsələlərdən olacaq. Eyni zamanda qeyri-neft sektorunun inkişafı istiqamətində də müəyyən addımların atılması məqsədəuyğundur. Çünki cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışında bu barədə bildirib ki, neftdən asılılığı minimuma endirmək üçün bu istiqamətdə müvafiq addımlar atılmalıdır.

Həmçinin Azərbaycanda məhz “Ələt” dəniz limanının yaradılması regional geosiyasi məsələləri dəyişdirmək istiqamətində atılacaq addımlardan biridir. Təbii ki, bu addım qonşu dövlətlərə xoş gələ və ya bilməyə bilər. Lakin buna baxmayaraq, atılan bu addım çox mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Güman edirəm ki, ölkə daxilində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatının inkişafı, hərbi sənaye kompleksində artıq idxaldan ixraca keçmək istiqamətində də müəyyən addımlar atılacaq.

Siyasi istiqamətə gəldikdə isə prioritet istiqamətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, balanslı siyasətin yürüdülməsi və hər bir dövlətlə ikili münasibətlərin qorunmasından ibarət olacaq. Bundan başqa, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı arxivdə araşdırmalar, yeni əsərlərin yaradılması və mədəni məsələlərə aid addımların atılacağı da gözləniləndir. Yəni, bu ilin iqtisadi, siyasi, mədəni və digər istiqamətlərə üzrə çox geniş əhatəli bir ilin olacağını düşünürəm. Yeni yaradılacaq hökümətin əsas prioritet istiqaməti daxili, xarici, regional və qlobal məsələlərdə aparılan islahatların davamından ibarətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə