Prezident İlham Əliyev şəhid Fərid Əhmədovu “İgidliyə görə” medalı ilə təltif edib
Noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev təmas xəttində şəhid olmuş Azərbaycan hərbçisi Fərid Əhmədovun layiq görüldüyü "İgidliyə görə" medalını onun valideyninə təqdim edib.
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri ilə vida mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.
Hazırda isə Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn mərasimi başa çatıb. II Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib. Yaylım atəşi açılıb.
Hazırda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının şəxsi heyəti şəhidlərin məzarını ziyarət edir. Mərasimdə müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, hərbçilər, ictimaiyyət nümayəndələr, sadə vətəndaşlar iştirak ediblər.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB