Qaradağ rayonunda prezident seçkiləri Azərbaycanda mövcud olan demokratik ənənələrə uyğun keçirildi
Ölkəmizdə demokratik prinsiplərin tam təzahür tapması seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu baxımdan da, bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Aprelin 11-də keçirilən və ölkə tarixində demokratik və azad seçki prinsipi kimi yadda qalan prezident seçkiləri də xüsusi əhəmiyyətə malikdir. Çünki bu seçkilərin də azad və ədalətli beynəlxalq sivil dəyərlərə uyğun keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmışdır. Prezident seçkilərinin Azərbaycanda mövcud olan demokratik ənənələrə - konstitusiyaya, Seçki Məcəlləsinə uyğun baş tutması bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönümündə aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir. Qaradağ rayon ərazisində mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi namizədə səs verməklə seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi. Yerli və xarici müşahidəçilərin müşayiəti altında baş tutan prezident seçkiləri, hər zaman olduğu kimi, bu gün də sakit, əmin-amanlıq, seçki normalarına əməl olunmaqla baş tutdu. Hər məntəqənin təyin olunmuş seçiciləri bayram əhval-ruhiyəsi ilə öz namizədlərini gizli yolla, kimsənin müdaxiləsi olmadan pərdə arxasında dəstəkləyirdi. Qaradağ rayonunda seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılmışdır ki, bu da seçkilərin şəffaflığına yaradılan təminatdır. Hər bir seçicinin barmağı xüsusi cihaz vasitəsilə yoxlandıqdan sonra səsvermə hüququ reallaşdırılırdı.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi məntəqələrdə fəallıq daha yüksək oldu. Dairə Seçki Komissiyasının sədri Qəşəm Əhmədzadə bizimlə söhbətində bildirdi ki, 32 seçki məntəqəsində 42 min 300 seçici qeydiyyata alınıb. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Prezident seçkilərində 343 nəfər ilk dəfə səs verəcək. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
11 saylı Qaradağ Dairə Seçki Komissiyasının sədri Azər Ələsgərov isə bildirib ki, qeydə alınan 49 min 956 nəfər 37 daimi və 6 müvəqqəti məntəqədə səs vermək hüququna malikdir. Onların 571 nəfəri ilk dəfə səs verən gənclərdir. Səsvermədə iştirak edənlərin arasında yaşı 100-dən yuxarı olan da var. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 200 müşahidəçi səsvermə prosesini izləyir. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin şəffaflığını təmin edəcək.
Demokratik seçki mühitinin mövcudluğu Azərbaycanın demokratik prinsiplərə sədaqətli olduğunu nümayiş etdirdi. Bunu seçkiləri yaxından müşahidə edən şəxslər də təsdiqləyirlər. Bizimlə söhbətində 12 saylı Qaradağ seçki dairəsinin 16 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDHP-dən olan müşahidəçi Təranə Camalova bildirdi ki, seçkilər azad və ədalətli şəkildə keçirildi: "Məntəqədə seçki prosesini yaxından izləyirəm. Hər şey qanunvericiliyin tələblərinə uyğun gedir. İnsanlar sərbəst şəkildə məntəqələrə gələrək, səs verirlər". Onun sözlərinə görə, "seçkilər yaxşı keçmir" demək haqsızlıq olar: "İnsanlar kütləvi şəkildə məntəqələrə gəlib səs verirlər. Bu, çox yaxşı haldır. Aparılan seçki təbliğatı öz müsbət nəticəsini verir. Prezident seçilən şəxsi təbrik edəcəyik. Ona vətənimizin inkişafı və xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlar arzalayacam".
Marrendi Jaanus: "Yüksək seçici əhval-ruhiyəsi diqqəti cəlb edir"
Seçki prosesini yaxından izləyən xarici müşahidəçilər yüksək seçici fəallığından və səsvermədən razı qaldıqlarını bildiriblər. "Seçki prosesi çox yaxşı təşkil olunub". Bunu 12 saylı Qaradağ seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçki prosesini müşahidə edən ATƏT müşahidəçisi Marrendi Jannus bildirib. ATƏT müşahidəçisi qeyd edib ki, məntəqələrdə müşahidəçilərin seçki prosesini izləmələri və seçicilərin normal şəkildə səsvermədə iştirak etmələri,
eləcə də, veb-kameraların quraşdırılması müsbət haldır. Seçkilərin Azərbaycan xalqının iradəsi əsasında keçdiyini müşahidə edirəm. Yüksək seçici əhval-ruhiyəsi diqqəti cəlb edir.
12 saylı Qaradağ seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Xanımgül Hüseynova bildirdi ki, məntəqədə 1237 nəfər seçici qeydiyyata alınıb: "Seçki olduqca demokratik prinsiplərə əsaslanmaqla keçirilir. Artıq saat 18-ə qədər seçici hüququ olan insanların 67 faizi səsvermə hüququndan istifadə edib. Seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq göstərməsi müstəqil Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur. Seçki prosesini YAP, Müasir Müsavat, ADP, AMHP və müstəqil müşahidəçilər yaxından izlədilər. Səsvermə prosesi normal və qanunamüvafiq şəkildə keçirildi".
11 saylı Qaradağ seçki dairəsinin 14 saylı məntəqəsində ASDP-dən olan müşahidəçi Bəsti Sadıqova bildirdi ki, heç bir qanun pozuntu ilə rastlaşmadıq. Seçicilər bu günə qədər seçkilərdəki təcrübələrindən yararlanaraq, öz rəylərini müstəqil tərzdə etməkdən çəkinmədilər. Seçkilər azad və demokratik şəkildə keçirildi.
ATƏT-dən olan müşahidəçi Otar Micel bizmlə söhbətində bildirdi ki, seçkilərdə qanun pozuntusuna rast gəlməyib: "Biz məntəqələrin açılış prosesində iştirak etdik. Heç bir qanun pozuntusu və bu kimi meyillər müşahidə etməmişik. İnsanlar sərbəst şəkildə məntəqələrə gələrək, səsvermədə iştirak etdilər".
11 sayı Qaradağ seçki dairəsinin 6 saylı məntəqəsinində ADP-dən olan müşahidəçi Lamiyə Mehraliyeva bildirdi ki, vətəndaşların axın-axın seçki məntəqəsinə gələrək, öz mövqelərini ifadə etmələrində heç bir problemn olmadı. O, seçicinin səs verməsi üçün münbit şəraitin olduğunu və səsvermə prosesinin heç bir qanun pozuntusu ilə müşayiət olmadığını qeyd etdi.
Millət vəkili Aydın Hüseynov bizimlə söhbətində bildirdi ki, müstəqil dövlətimizdə seçkilərin şəffaf və demokratik normalar əsasında keçirilməsi demokratiyanın təntənəsidir: "Bütün seçicilər, demək olar ki, bütövlükdə, ailə üzvləri ilə seçki məntəqələrinə gəlib, fərdi olaraq səs verib. Birmənalı şəkildə, demək olar ki, artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti formalaşıb. Hər kəs dərk edir ki, Azərbaycanın taleyüklü məsələsinin həllində köməklik göstərə bilər. Bu əhali arasında aparılan maarifləndirmə işinin məntiqi nəticəsidir".
Qaradağ seçki məntəqələrində seçkiləri müşahidə edən millət vəkilləri Xanhüseyn Kazımlı, Fəzail Ağamalı, Mirkazım Kazımov, Elmira Axundova, Rəşad Mahmudov, Mixail Zabelin təşkilatçılığın yüksək səviyyədə olmasına görə, Azərbaycanda keçirilən prezident seçkilərinin bir çox Avropa ölkəsi üçün nümunə olduğunu bildirdilər. Xanhüsen Kazımlı qeyd etdi ki, seçki məntəqələrinin hamısında müşahidəçilər səsvermənin gedişini sərbəst şəkildə izləyirlər: "Azad və demoratik şəkildə keçirilən seçkilər Azərbaycanın demokratik seçki ənənəsinə sədaqətli olduğunu nümayiş etdirdi. Hər kəs sərbəst şəkildə məntəqələrə gələrək, səsvermədə iştirak edib".
Qismət İsmayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB