® Şahbuzluların seçimi Siyavuş Novruzovdur

® Şahbuzluların seçimi Siyavuş Novruzovdur

7 Noyabr parlamentə seçkilərin təbliğat-təşviqat kampaniyası cəmiyyətin bütün təbəqələrinin yüksək fəallığı ilə başa çatmaqdadır. Artıq iki gündən sonra ölkəmizədə parlamentə azad və demokratik seçkilər keçiriləcək. Təbii ki, bu seçkilərin də qalibi ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası olacaq. Bunu seçicilərin ümumi rəyi, eləcə də, nüfuzlu sorğu mərkəzlərinin əhali arasında keçirdikləri sorğular da təsdiqləyir. Ölkəmizin qədim diyarı olan Naxçıvan Muxtar Respublikasında da seçkiyə hazılıq prosesi bayram ab-havası ilə aparılır. Xüsusilə də, YAP-ın deputatlığa namizədlərinin keçirdiyi görüşlərə seçicilərin kütləvi şəkildə qatılmaları əhalinin seçki marafonuna yüksək diqqət və marağının olmasını ortaya qoyur.

Dünən Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzovun Şahbuz şəhərindəki "Araz" kinoteatrında seçicilərlə keçirilən görüşü də izdihamlı seçici iştirakı ilə müşahidə olunub. Görüşdə 400-ə yaxın seçicinin iştirak etməsi YAP-a, onun irəli sürdüyü deputatlığa namizədə böyük inamın, etibarın və nəhayət, sevginin olmasından irəli gəlir. Seçicilərin alqış sədaları ilə qarşılanan deputatlığa namizəd, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov görüş iştirakçıları ilə salamlaşıb, onların problem və qayğıları ilə maraqlanıb.

Deputatlığa namizədlə seçicilər arasında bir neçə dəqiqəlik sual-cavabdan, diskussiya xarakterli müzakirələrdən sonra çıxış edən YAP-ın Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov seçkilərin vətəndaş cəmiyyəti quruculuğunda, demokratik prosesələrə töhfələrin verilməsində oynadığı roldan danışıb.

Bildirib ki, Azərbaycan dövləti hər zaman azad və demokratik seçkilərin keçirilməsində maraqlı olub. Bu da 7 noyabr parlament seçkilərinə hazırlıqla bağlı yaradılan demokratik şəraitdə ölkəmizin ənənələrinə sədaqətli olmasından irəli gəlir. Rizvan Məmmədov deputatlığa namizəd Siyavuş Novruzovun dövlətə və xalqa xeyirli, gərəkli fəaliyyətindən və ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının yaradılması prosesində göstərdiyi fədakarlıqdan və mübarizliyindən danışıb.

Qeyd etdi ki, Siyavuş Novruzov parlamentdə Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının reallaşması və ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsi istiqamətində qətiyyət göstərən, sərt mövqeyi ilə seçilən millət vəkili olub.

Təşkilat sədri qeyd edib ki, Siyavuş Novruzova yenidən etimad göstərməklə şahbuzlular Milli Məclisdə özlərinə ən layiqli namizəd seçmiş olacaqlar. R.Məmmədov çıxışının sonunuda seçiciləri fəal olmağa və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, YAP-ın deputatlığa namizədi, partiyanın İcra katibinin müavini Siyavuş Novruzova səs verməyə çağırıb.

Görüş iştirakçıları qarşısında çıxış edən 5 saylı Şahbuz-Babək seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzov yenidən Milli Məclis üzvülüyünə seçiləcəyi təqdirdə, həyata keçirəcəyi və dövlət orqanları qarşısında məsələ qaldırmaqla həllinə nail olacağı məsələlərdən danışıb. Eyni zamanda, deputatlığa namizəd Cənubi Qafqazın ən aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, cəmiyyətdə tutduğu aparıcı mövqeyindən bəhs etdi.

Siyavuş Novruzov Azərbaycanının əldə etdiyi sosial-iqtisadi uğurlara diqəti yönəldərək, bu sırada Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun Naxçıvanda həyata keçirdiyi sosial-iqtisadi siyasəti nəticəsində əldə edilən uğurlar barəsində faktlara söykənən fikirlər söyləyib.

Bildirib ki, son illər Naxçıvanda əhalinin yaşayış durumunun yaxşılaşması, sənaye müəssisələrinin açılması, quruculuq-abadlıq işlərinin geniş vüsət alması ölkə Prezidenti İlham Əliyevin qayğısı və Muxtar Respublika rəhbərliyinin işə ciddi yanaşması nəticəsində mümkün olub: "Ötən beş il ərzində muxtar respublikada əsas iqtisadi göstərici olan ümumi daxili məhsul istehsalının həcmi 3,5 dəfədən çox artaraq, 232 milyon manatdan 796 milyon manata çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi isə 637 ABŞ dollarından 2 min 500 ABŞ dollarına çataraq 4 dəfə artmış, büdcənin həcmi bu dövrdə 48 milyon manatdan 5,7 dəfə artaraq, 273 milyon manat olmuşdur. İqtisadiyyatın inkişafı muxtar respublikanın xarici iqtisadi əlaqələrinin də artmasına səbəb olmuşdur. Bu illər ərzində xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq, 39 milyon ABŞ dollarından 104 milyon ABŞ dollarına çatmışdır. Əgər 2004-cü ildə muxtar respublika sahibkarlarına 3 milyon manata yaxın kredit verilmişdisə, cari ildə maliyyə dəstəyinin həcmi 6 dəfə artırılaraq, 19 milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki, 2004-2010-cu illər ərzində muxtar respublikada 189 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. İndi Naxçıvan Muxtar Respublikasında 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 235 növdə məhsula olan tələbat daxili imkanlar hesabına ödənilir".

Ölkə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin həyata keçirilməsi nəticəsində Naxçıvanda açılışları həyata keçirilən obyektlərin sayına toxunan deputatlığa namizəd bildirdi ki, "Badamlı" mineral sular zavodunun işə salınması, Naxçıvan-Sədərək avtomobil yolunun, Şərurda Olimpiya-İdman Kompleksinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimləri Prezident İlham Əliyevin Azərbaycanın bütün regionlarında olduğu kimi, muxtar respublikada da sosial-iqtisadi sahələrə ciddi diqqət yetirdiyini, əhalinin rifah halının daha da yaxşılaşmasına daim qayğı göstərdiyinə bariz nümunədir. Muxtar respublika rəhbərliyinin bütün sahələrdə apardığı uğurlu islahatların nəticəsində Naxçıvanın tərəqqi yolunda olduğunu qeyd edən YAP İcra katibinin müavini uğurlu naliyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf proqramının dayandığını söylədi.

Son olaraq YAP İcra katibini müavini hər zaman ölkənin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən şahbuzluların 7 noyabr parlament seçkilərində də mövqelərini təkrarlayacaqlarına və ən layiqli namizədə səs verəcəklərinə inandığını bildirdi.

Görüşdə gənclər adından Rauf Bağırov, qadınlar adından Növrəstə Xudiyeva, eləcə də, ağsaqqal Başdar Əliyev və digərləri çıxış edərək, YAP tərəfindən namizədliyi irəli sürülən Siyavuş Novruzovu nəcib insan, tanınmış ziyalı, təcrübəli parlamentar və nəhayət, Ulu Öndərimiz Heydər Əliyev ideyalarına sədaqətli insan kimi tanıdıqlarını və seçkilərdə məntəqələrə gedərək, hamılıqla ona səs verəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə