"Aprel döyüşləri erməni cəmiyyətində parçalanmanın təməlini qoydu"

"Aprel döyüşləri erməni cəmiyyətində parçalanmanın təməlini qoydu"

“Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini sözdə deyil, əməldə də yüksək səviyyədə olduğunu göstərdi”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, Ermənistanın 20 ildən çoxdur az qala Majino xəttindən güclü müdafiə mövqeyi kimi təqdim etdiyi “Ohanyan xətti” dəqiqələr ərzində yarıldı: “Talış kəndi istiqamətində ordumuzun bölmələri ermənilərin möhkəmləndirilmiş müdafiə rayonuna daxil olaraq əraziyə nəzarət etməyə imkan verən yüksəklikləri düşməndən azad edərək möhkəmlənməyə nail oldu. Eyni zamanda döyüşlərin gedişatı Ermənistanda xalq-hakimiyyət uçurumunu dərinləşdirdiyi halda, Azərbaycanda milli birlik yaratdı.

Aprel döyüşlərində Azərbaycan Ordusu ehtiyat qüvvələrindən deyil, cəbhə xəttindəki briqadaların imkanlarından istifadə edildi. Eləcə də ordumuz son illərdə sahib olduğu yeni silahların bir neçəsini bu əməliyyatlarda tətbiq edərək qarşı tərəfi ağır tələfata uğratdı. Başqa sözlə ifadə edərsək, ordumuz düşmənin ikinci, üçüncü nəsil silahlarına qarşı istifadəsində olan 4 və 5-ci nəsil silahlardan peşəkarlıqla istifadə etdi. Döyüş itkilərinə nəzər saldıqda ordumuzun komandir heyətinin əməliyyatı savadlı və peşəkar şəkildə hazırlamasının şahidi oluruq. Hansı ki hücum edən tərəfin daha çox itki verməsi dünya təcrübəsində qəbul edilir. Azərbaycan Ordusunun itkilərinin düşmənlə müqayisədə dəfələrlə az olması peşəkarlığın sübutudur.

Məndə olan məlumata görə, döyüşlərin gedişində iki tankımız zərər çəksə də ekipajı sağ-salamat qalıb. Bir helikopterimiz isə əməliyyat zamanı vurulub. Xırda texniki zərərlər istisna olunmaqla Azərbaycan Ordusu demək olar hərbi texnika itirməyib. Erməni tərəfinin isə 3-dək tank və PDM, 25-dən çox artilleriya vasitəsi məhv edilib. Canlı qüvvə itkimiz isə ¼ səviyyəsindən də azdır.

Aprel döyüşləri erməni cəmiyyətində parçalanmanın, demoralizasiyanın təməlini qoydu. Sərkisyan-Ohanyan cütlüyünün erməni ordusu haqqında uydurduğu “məğlubedilməzik” mifi alt üst oldu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə