Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

Noyabrın 1-də Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti xanım Kristina Fernandez de Kirçnerə təqdim edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, M. Əhmədzadə Argentinadakı səfirliyin Azərbaycanın Cənubi Amerikada ilk diplomatik missiyası olduğunu vurğulayaraq bunu Azərbaycanın Argentina ilə əməkdaşlığın inkişafına marağının göstəricisi kimi qiymətləndirib. O, Buenos-Ayresdə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında əməkdaşlığın inkişafı, habelə Azərbaycan reallıqlarının Argentinada və ümumilikdə Cənubi Amerikada tanıdılması nöqteyi-nəzərdən əhəmiyyətli olacağını söyləyib.

Azərbaycanın Cənubi Amerikada ilk diplomatik missiyasının Argentinada açılmasından məmnunluğunu ifadə edən K. F. Kirçner isə Azərbaycan hökumətinin bu qərarını yüksək qiymətləndirib. O, səfirliyin təsis edilməsinin Argentina ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə