"Əli Kərimli satqınlıqla pul qazanmağa çalışır" AÇIQLAMA

Təhmasib Novruzov: "Əli Kərimlinin övladlarına xaricdə xərclədiyi pulların miqdarı 1 milyon manatdır"

Müxalifət dayaqlarını itirdikcə, xarici maraqlı dairələrlə əlaqələrini daha da inkişaf etdirir və sifarişlər əsasında pozuculuq aktlarına daha həvəslə yerinə yetirməyə cəhdlər göstərir. "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslərin bir məqsədi var o da müxalifətçilik fəaliyyəti ilə pul qazanmaqdır.

"Bu müxalifətin biznesidir. Əslində, biznes halal zəhmətə əsaslanaraq, halal əməklə qazanılmalıdır. Amma müxalifət özlərinin biznesini xaricdən müəyyən dairələr tərəfindən gələn pullarla qurublar. Müxalifətin bu biznesi haram biznesdir. Demək olar ki, bu gün konkret müxalifətin bu fəaliyyəti siyasi fəaliyyət deyil, biznes fəaliyyətidir. Ən azından, Ə.Kərimlinin övladlarının xaricdə oxutması və orada xərclədiyi pullarla bağlı son aparılan hesablamalar və ortaya çıxan təxminən 1 milyon manat məbləğində vəsait hər şeyi açıq şəkildə ortaya çıxarmış oldu. Ə.Kərimliyə sual vermək lazımdır ki, ay Əli bəy, xərclədiyin bu pullar haradan gəlir və haradan qazanılır? Buyursun Ə.Kərimli cavab versin. Fakt budur ki, Ə. Kərimlinin işi-peşəsi satqınlıqla pul qazanmağa çalışmaqdır", - deyə T.Novruzov bildirib.

T.Novruzovun sözlərinə görə, xaricdə anti-Azərbaycan qüvvələr var və həmin qüvvələr də daxildə olan üzdəniraq müxalifətə maliyyə vəsaiti ayırır ki, ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyət yaratsınlar: "Belə olan halda da, müxalifətçilər xarici "ağalarından" aldıqları pul qarşılığında onların dediklərini edirlər. Amma nə xaricinin, nə də ki, daxildə olan müxalifətin nə istəməsindən asılı olmayaraq, heç vaxt onların ölkəmizlə bağlı bu cür çirkin istəkləri və planları baş tutmayacaqdır. Çünki artıq xalqımız müxalifətin necə qurum olduğunu 25 il bundan qabaq görüb. Yəni müxalifət pula görə hər bir səviyyəsizliyi edib və bu gün də edir. Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq, ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni müxalifət liderləri, başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə, onların faciəsidir".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə