Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

Aprelin 9-dan Ermənistan tam olaraq parlament idarəçilik üsuluna keçir. Bununla əlaqədar işğalçı ölkədə ictimai-siyasi gərginlik artıb. SİA-nın naxcivantv-yə istinadən verdiyi xəbərə görə, “Yelk” bloku Serj Sarkisyanın idarə etdiyi Hakim Respublika Partiyasının hökumət postunda öz yerini möhkəmləndirməsinə qarşı çıxır. Aprelin 3-də isə İrəvanda mitinq-yürüş keçiriləcək.

Ötən həftə Serj Sarkisyanın Ermənistanın baş naziri olacağı ilə bağlı rəsmi açıqlaması işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirib. Parlamentdə çıxışları zamanı “Yelk” blokunun üzvləri Sarkisyanın bu qərarını kəskin tənqid ediblər. Onu ikiüzlükdə ittiham edən deputatlar bildiriblər ki, bundan sonra Ermənistanı daha ağır günlər gözləyir. Təşkilatın təmsilçiləri - İrs Partiyasının sədri Armen Martirosyan və Demokratik Vətən Partiyasının lideri Petros Makeyan, Ermənistan Milli Konqresi sədrinin müavini Levon Zurabyanla görüşərək Sarkisyana qarşı koalisiya yaradıblar. Keçmiş müdafiə naziri Seyran Ohanyanın da onlara dəstək verdiyi bildirilir. “Yelk” bloku Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinə etiraz olaraq aprelin 3-də İrəvanda mitinq-yürüş keçirəcək. Bununla bağlı şəhər merinə müraciət də olunub. Ölkə vətəndaşları bu məsələdə müxalifəti dəstəkləyir. Bunun əsas səbəbi isə Ermənistandakı ağır sosial-iqtisadi vəziyyətdir.

Yeri gəlmişkən, Ermənistan MDB məkanının yoxsul ölkələri sırasındadır. “Panorama.am” saytı Ermənistan Statistika Xidmətinin məlumatlarına əsasən, 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4 faiz olduğunu bildirib. İşsizlərin sayı 220 min nəfər artıb. Hazırda Ermənistanda işsizlərin böyük hissəsi qadınlardan ibarətdir. Onların 66,7 faizi iş tapa bilmir. Əhali çıxış yoluhnu xarici ölkələrə üz tutmaqda görür.

Bütün xəbərlər Facebook səhifəmizdə