“Söyüş və təhqirlərlə arzularına çatmayacaqlar” MÖVQE

“Azərbaycanda siyasi mübarizə formasında söyüş və təhqirlərin artması bizi uçuruma aparır. Hakimiyyət nümayəndələri xaricdə sığınacaq tapan bir qrup şəxsin Prezidentin şərəf və ləyaqətinin təhqir olunduğunu bildirirlər. Mən də sosial şəbəkələr üzərindən həmin mühacirlərin bəzi çıxışlarına baxmışam və mən də hesab edirəm ki, Prezidentin və hakimiyyətdə olan bəzi məmurların ünvanlarına tənqidi aşan ifadələr işlənir. Bu doğru yol deyil. Həmin şəxsləri mən əvvəllər tanımamışam, Bakıda onların aktiv siyasi fəaliyyətləri olmayıb, olsaydı diqqətimizi cəlb edərdi. Onlar bizim diqqətimizi mühacirətdə sosial şəbəkələr üzərindən ağır ifadələr işlətdikdə cəlb edib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, onlar anlamalıdırlar ki, söyüş və təhqirlərlə arzuladıqları dəyişikliklərə çatmayacaqlar: “Bəziləri özü və ailəsi xaricdə yerləşdikdən sonra Azərbaycan xalqını passivlikdə ittiham edir, nədən hakimiyyətə qarşı radikal addımlar atmamaqda ittiham edir. Bunun özü də yanlış yanaşmadır. Deməli Sən özün və ailən xarici ölkədə yerləşəcəksən, təhlükəsizlik təminatını alacaqsan və sonra Azərbaycan xalqına müraciət edib deyəcəksən ki, niyə inqilab etmirsiz? Bir qrupu da var ki, burada faktiki hakimiyyətin ünvanına heç nə demirdi, xaricə köçdükdən sonra ən radikal müxalifət nümayəndəsinə çevrilərək birzə dərs deməyə çalışır. Beləsinə də görünür, oturum haqqını gücləndirmək lazımdır.

Buna baxmayaraq, bəzi mühacirlərin sosial şəbəkələr üzərindən hakimiyyətin ünvanına ağır ifadələri cəmiyyətin diqqətini cəlb edir, həmin görüntülərə baxışların sayı durmadan artır. Hakimiyyətin siyasət texnoloqları bunun haqqında düşünməlidir. Prezidentin köməkçisi Əli Həsənov status yazdı və bunun ardınca xaricdəki mühacirlərə qarşı yazı seli başladı, hamı söyüş söyənləri tənqid etməyə başladı. Əlbəttə, ağır ifadələr işlədən mühacirləri tənqid etmək hamının haqqıdır. Ancaq bu da kampaniya xarakteri daşımamalıdır. Sanki çoxları Əli Həsənovun status yazmasını gözləyirdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə