MSK rəsmisi: “Veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir” MÜNASİBƏT
“Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Buna müvafiq olaraq da seçkilərə məsul olan dövlət orqanı Mərkəzi Seçki Komissiyası (MSK) ilk gündən fəaliyyətə başlayıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq səsvermənin təşkil edilməsindən ötrü lazım olan bütün tədbirlər bugünkü günə kimi həyata keçirilib: “Təbii ki, bundan sonra da MSK-nın “Tədbirlər Planı”na və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq qarşıda duran bütün tədbirlər həyata keçiriləcək. Dairə seçki komissiyalarının (DSK) və məntəqə seçki komissiyalarının fəaliyyəti elan olunan gündən artıq başlayıb. Bu il prezident seçkiləri ilə bağlı seçici siyahılarının vaxtından əvvəl təsdiq olunması, seçici siyahıları ilə bağlı olan işlər və s. hamısı həm DSK, həm də məntəqə seçki komissiyalarının birgə fəaliyyətini tələb edirdi. Bu işlə əlaqədar olaraq müvafiq dövlət qurumlarının da fəaliyyətini qeyd etmək lazımdır. Ümumilikdə onu demək istərdim ki, bu gün artıq məntəqə seçki komissiyaları səsverməni keçirməyə tam hazırdır.
Artıq qanunvericiliyin tələbinə müvafiq olaraq gözlənilən müddətlər ərzində bülletenlərin, protokolların çap edilməsi və dairələrə, məntəqələrə çatdırılması kimi proseslər gedir. Onu da qeyd etmək istərdim ki, MSK-nın qərarına əsasən 1000 min seçki məntəqəsində veb-kameralar quraşdırılır. Artıq səsvermə günü Azərbaycan təcrübəsi kimi qəbul edilən veb-kameralar vasitəsilə onlayn (online) sistemində səsvermə prosesini izləmək mümkündür. Bundan irəli gələrək demək istəyirəm ki, veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir. Texniki-təchizat məsələsi bu seçkilərlə bağlı olaraq yüksək səviyyədə təşkil olunub və dairə, məntəqə seçki komissiyaları lazımi bütün texniki vasitələrlə təmin edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB