“Mən Azərbaycan haqqında nə bilirəm?”

“Mən Azərbaycan haqqında nə bilirəm?”

2010-cu ilin 31 oktyabr tarixində Azərbaycan Respublikasının Misirə Ərəb Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Misirin Qahirə Universitetinin birgə layihəsi olan "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə start verilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verdiyi xəbərə görə, layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və s digər mövzularda inşa yazmaları nəzərdə tutulur.

Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanı artırmaq, misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır.

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəvəti əsasında Azərbaycan ilə daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşanın müəllifinin Azərbaycana səfəri təşkil olunacaqdır.

İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcəkdir.

Qahirə Universitetinin rektoru Hüsəm Kamil və Universitetin prorektoru Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlamış, onun körpü rolunu oynayaraq, Azərbaycan-Misir gənclərinin bir araya gətirilməsi, ölkələrimizin elmi dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Qahirə Universitetindən "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin əlaqələndiricisi, Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu proqramının direktoru Dr.Pakinam Əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən xüsusi maraqla qarşılandığını qeyd edərək, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasındakı dostluğun güclənməsinə xidmət etdiyini vurğulayıb.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən tələbələrlə görüşlər keçiriləcək və onlara yazdıqları inşa mövzusu ilə əlaqədar əlavə elmi və tədqiqat materialları veriləcəkdir. Layihənin 2011-ci ilin yanvarın 25-də qaliblərin təltif edilməsi ilə başa çatması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə