“Gürcüstanın dördlük formatında iştirakı mühüm əhəmiyyətə malikdir” MÜNASİBƏT

“2017-ci ilin son ayında Türkiyə-Azərbaycan və İran xarici işlər nazirlərinin üç tərəfli görüşündən sonra növbəti tədbirin dördlük formatında Gürcüstanın iştirakı ilə keçirilməsi mühüm əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, region dövlətlərinin intensiv görüşləri normal bir hal kimi dəyərləndirilməklə yanaşı həm iqtisadi, həm də böyük siyasi əhəmiyyəti vardır: “Görüş ərəfəsində Türkiyə Respublikasının Baş nazirinin Bakıda olması da təsadüfi deyildir. Dekabr görüşü zamanı əldə olunan razılaşmaların mərhələli həyata keçməsi planlı şəkildə davam edir. Görüşün əsas ana xətti iqtisadi əməkdaşlığı ən yüksək səviyyəyə gətirməkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Astara Rəşt yolunun tikintisinin başa çatdırılması ilə “Şərq-Qərb”, Cənub-Şərq” və “ Şimal-Cənub” istiqamətində əlaqələrin qurulmasının tamamlanması yekunlaşacaqdır. Bu ölkələri birləşdirən ümumi maraqlardan biri də terrorizmlə birgə mübarizədir. Türkiyə, Azərbaycan və Gürcüstan terrorizmə məruz qalan ölkələrdəndir. İran digər 3 ölkədən fərqli olaraq vəziyyətə nəzarət edir kimi görünsə də istənilən an bu ölkədə eyni hadisələrin təkrarlanması mümkündür. Ona görə də görüş ərəfəsində etnik qarşıdurma, separatizim və terrorizmi dəstəkləyən qüvvələrə qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi müzakirə predmetidir. Görüş ərəfəsində region dövlətlərinin Türkiyənin Afrində terrorçulara qarşı keçirdiyi əməliyyatlar rəsmi olmasa da anlaşılan qəbul olunacağına əminliyim var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə