Xalqın tozlu arxivə göndərdikləri...

Sosial şəbəkələrdə dövlətimizə, onun simvollarına şər-böhtan yağdıran, onları təhqir edən müxalifət trolları cəmiyyətimiz tərəfindən öz layiqli cavablarını alırlar

1993-cü ildən sonrakı illər ərzində dağıdıcı müxalifətin və anti-milli ünsürlər şəbəkəsinin mahiyyətində və fəaliyyətində heç bir dəyişiklik olmayıb. Bu, elə onların erməni lobbisinin maliyyəsilə təşkil etdikləri mitinq-aksiyalardan da göründü. Hətta isbatlandı ki, onlar dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpındığı aşıq-aşkar görünür. Eyni zamanda, həmin trol şəbəkəsi ilə sosial şəbəkələrdə dövlətimizə, onun simvollarına şər-böhtan yağdıran və onları təhqir edən bu üzdəniraqlar cəmiyyətimiz tərəfindən öz layiqli cavablarını alırlar.

AXCP sədri Əli Kərimli, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, Müsavat partiyasının başqanı Arif Hacılı kimilərin damağında hələ də ötən əsrin 90-cı illərinin "dadı" qalıb. O illərdə, tarixi torpaqlarımız olan Qarabağda erməni separatizminin tüğyan etdiyi bir dövrdə, Azərbaycan Ali Sovetində "indi əsas məsələ Qarabağ deyil, hakimiyyət məsələsidir" deyərək ölkədə xaos, anarxiya yaradıb tankların üstündə hakimiyyəti zəbt etmək üçün ən çirkin vasitələrə əl atan bu hakimiyyət, kreslo sevdalıları deyəsən, o vaxt baş verənlərin yaddaşlardan silinmədiyini unudurlar. XXI əsrin gerçəklikləri və reallıqlarını dərk edə bilməyən, heç bir nəzəri-ideoloji bazası olmayan, hərəkət paradiqmasında satqınlığın, xəyanətkarlığın, antimilliliyin cəmləşdiyi dağıdıcı düşərgənin başbilənləri üçüncü minilliyin həqiqətlərinə hələ də o dövrlərin gözü ilə baxırlar.

"Milli Şura"nın son illərdəki fəaliyyəti, xüsusilə, martın 10-dakı mitinqi onların əsl simasını və mahiyyətini tam dolğunluğu ilə ortaya qoydu. Dağıdıcı müxalifətin fəaliyyət proqramında dəyişən yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri anti-milli fəaliyyətdə inkişafı rədd edərək zoru, pozuculuğu və anarxizmi daha da şiddətləndirmək naminə, onu yeni "texnologiyalar"la zənginləşdirmək üçün ən məkrli və avantürist metodlardan istifadə edilməsidir. Həmçinin, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında tələblərinin, basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində asılmış "Domokl qılıncı" olduğu da danılmaz faktdır.

Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan, sosial bazası olmayan dağıdıcı müxalifətin əli hər yerdən üzüldüyünə görə, fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxanlara, məhəmmədlərə və digər turallara üstünlük vermələri, əslində, bəzi qaranlıq məqamları da üzə çıxarır.

Bu xəyanətkarlar isə, özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin təlimatları ilə Azərbaycan dövlətçiliyinə, onun simvollarına təhqirlər yağdıraraq, ölkəmizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışsalar da, heç nəyə nail ola bilmirlər. Çünki mənəvi-əxlaqi, ideya-siyasi cəhətdən ciddi yenilənməyə ehtiyacı olan həmin "mühacirlər"in çirkin fəaliyyətlərinin əsasında da Kərimli, Həsənli, Hacılı kimilərin və onların trollarının anti-Azərbaycan, anti-milli, satqın və xəyanətkar "ideyalar"ı dayanır.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə