Əli Həsənov Prezidentin təbrik məktubunu oxudu FOTOLAR

Əli Həsənov Prezidentin təbrik məktubunu oxudu FOTOLAR

Bu gün Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.

“Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılmışdır. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.

Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə mətbuat şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur.

Hazırda güclü iqtisadi və maliyyə potensilaına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzunua ciddi təsir göstərdiyi müasit dövürdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırki vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə məhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür etdi.

Daha sonra Əflatun Amaşov bu gün 58 yaşı tamam olan Əli Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edildi.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyəti üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

Mətbuat Şurası İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Əgər qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunurlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə