Musa Quliyev: “Vətəndaşlar azad şəkildə öz seçimlərini edəcəklər" AÇIQLAMA

“Ümumiyyətlə seçki Azərbaycanda bundan öncəki seçki ənənələrinə arxalanır və demokratik, azad, vətəndaşların öz seçimini sərbəst şəkildə etmək hüquqi prinsiplərinə əsaslanır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda seçki təcrübəsi kifayət qədər zəngindir, dünyəvidir, ən əsası isə qabaqcıl ölkələrin təcrübəsinə əsaslanır və ona bərabərdir: “Bizim kifayət qədər ciddi hüquqi bazası olan seçki təcrübəmiz var, Seçki Məcəlləsi var, digər konstitusional, hüquqi əsasları müəyyən edən qanunlarımız var. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerlərdə artıq təşkilatlanma işləri gedir. Yeni Azərbaycan Partiyası və digər namizədlər artıq özünün imzatoplama işlərini yekunlaşdırırlar. Onların arasında qeydiyyata alınanlar da var. Təbii ki, vətəndaşların da hamısı bu barədə kifayət qədər məlumatlıdırlar.

Artıq seçki marafonunun birinci mərhələsi yekunlaşmaq üzrədir. Mart ayının 19-dan sonra isə təbliğat-təşviqat kampaniyası başlayacaq. Beləcə proseslər yavaş-yavaş özünün məntiqi sonluğuna gedəcək. Artıq bir çox ölkələrdən, o cümlədən beynəlxalq təşkilatlardan seçkini izləmək üçün müşahidəçilər öz təşəbbüsləri ilə gəlməyə hazır olduqlarını bildiriblər.

Seçkilər demokratik şəkildə keçiriləcək və azad şəkildə vətəndaşlar öz seçimlərini edəcəklər. Şübhəsiz ki, bu seçki də Azərbaycanın dövlətçilik, demokratiya tarixinə bir müsbət təcrübə kimi öz adını yazdıracaq. Artıq Azərbaycan xalqı öz seçimini edib. Cənab İlham Əliyev yenə də bu seçkilərin qalibi olacaq. Amma əsas məsələ burada bizim bir dövlət, iqtidar olaraq və Azərbaycan xalqının etimad etdiyi Yeni Azərbaycan Partiyası olaraq seçkini tam qanuni əsaslarda təmin etmək, aşkarlıq şəraitində bu işi başa vurmaq, vətəndaş-lider həmrəyliyini bu seçkilərdə də bir daha dünyaya sübut etməkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə