MSK-nın növbəti iclası keçirilib YENİLƏNİB

MSK-nın növbəti iclası keçirilib YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda ən yaşlı qadın seçici 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır: “Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cu il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur. Azərbaycanın ən yaşlı seçicisinin adı məlum olub.

Məzahir Pənahov deyib ki, ölkənin ən yaşlı seçicisi Bərdə rayon sakini, 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir: “Onun 124 yaşı var. Digər yaşlı seçici isə Səftər Qurbanovdur. Onun 118 yaşı var”.

Sədr bildirib ki, aprelin 11-nə təyin olunan prezident seçkilərinin keçirilməsi üçün yaradılan seçki məntəqələrinin sayı açıqlanıb: “Xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Daha sonra iclasda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən seçicilərin sayından 3 faiz artıq, 5 milyon 347 min 803 ədəd bildiriş çap olunacaq.

MSK-nın iclasında prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə