Vladimir Pligin: “Azərbaycan və Rusiya arasında münasibətlərin intensiv inkişafı hər iki dövlətin maraqlarına cavab verir” - MÖVQE

Vladimir Pligin: “Azərbaycan və Rusiya arasında münasibətlərin intensiv inkişafı hər iki dövlətin maraqlarına cavab verir” - MÖVQE
Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Duması və Federasiya Şurasının üzvləri ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rusiya qanunvericilik orqanı təmsilçilərini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Milli Məclisin sədri oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini xatırladaraq bildirib ki, elə həmin gün Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. Onun sözlərinə görə, bu hadisə Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişafının daha bir bariz göstəricisidir.

Oqtay Əsədov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edib. Bu münasibətlər müxtəlif sahələri, o cümlədən iqtisadi, ticarət əlaqələrini özündə ehtiva edib. Milli Məclisin sədri qeyd etdi ki, ötən il özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranı şəraitində ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını bildirən Oqtay Əsədov Milli Məclisdə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladıb. Söhbət zamanı Milli Məclisin sədri bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinin demokratik, azad, şəffaf və ədalətli olması istiqamətində bütün zəruri işlərin görüldüyünü diqqətə çatdırıb.

Rusiya Federasiyası Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin sədri Vladimir Pligin ölkələrarası münasibətlərin intensiv inkişafının hər iki dövlətin maraqlarına cavab verdiyini vurğulayıb. Azərbaycanda sürətli tərəqqinin yaşandığını və ölkənin günü-gündən inkişaf etdiyini bildirən Vladimir Pligin bunun real təsdiqi kimi paytaxt Bakının simasının qısa zaman ərzində çox dəyişdiyini qeyd edib: "Bura möhtəşəm şəhərdir. Mən 3-4 il əvvəl burada olmuşdum. O vaxtdan indiyə qədər şəhər olduqca dəyişib, gözəlləşib. Siz bu görülən işlərlə fəxr edə bilərsiniz".

Pligin onu da qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin inkişafında dövlət başçıları, onların qarşılıqlı səfərləri həqiqətən də mühüm rol oynayır. O, Azərbaycanın Rusiya ilə, eyni zamanda Rusiyanın da Azərbaycanla əlaqələrini davamlı olaraq inkişaf etdirməkdə maraqlı tərəflər kimi çıxış etdiklərini bildirib. Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə