Ermənistan prezidenti də “erməni soyqırımı”nı inkar edir

Ermənistan prezidenti də “erməni soyqırımı”nı inkar edir

"Youtube"də yayımlanan bir videogörüntü erməni dünyasında çaşqınlıq yaradıb. SİA-nın məlumatına görə, görüntülərdə ABŞ-ın vitse- prezidenti Jo Baydenə Ermənistan prezidenti Serj Sarkisyanın keçən il 24 Apreldə ona zəng edərək "erməni soyqırımını tanımayın" dediyini iddia edir. Rəsmi İrəvan isə tələm-tələsik "prezident Serj Sarkisyan Baydeni axtarmamışdır. Telefon danışığında deyilən ifadələr işlədilməmişdir. Ağ Ev danışığın rəsmi qeydlərini yayımlaya bilər" deyib.

 

Erməni diasporuna aid "Center for Armenian Rememberence" (CAR) adlı internet saytı ABŞ prezidentinin köməkçisi Jo Baydenin gizlicə çəkildiyi aydın olan görüntülərini dünən video paylaşma saytı olan "Youtube"də yayımlayıb. Nə vaxt çəkildiyi ifadə olunmayan görüntülərdə Demokrat Partiyasından olan bir gənc sual vermək istədiyini söyləyərək Baydenə yaxınlaşır. Sonra ikisi arasında qısa qanışıq gedir. Gənc "mən erməniyəm. Senatda apardığınız iş üçün sizə təşəkkür etmək istəyirəm. ABŞ-dakı erməni diasporu arasında cəmiyyətdə çox fəalam. Bunu siz də bilirsiniz ki…" deyir. Bayden isə cavabında "Təbii ki, bilirəm" söyləyir. "Cəmiyyətimizə nə mesaj vermənizin lazım olduğunu bilmək istəyirəm" deyən erməni gəncin sualına vitse-prezidentin cavabı bu olur: "Cəmiyyətinizə verməm lazım olan mesaj, geri addım atmadığımızdır. Türklər gerçəyi qəbul etmək məcburiyyətindədir. ABŞ-dakı erməni cəmiyyətinə də ki, Ermənistan prezidenti məni axtardı və "bu məsələni indi, yəni Türkiyə ilə müzakirələr davam edərkən qəbul etməyin" deyib. Bu məsələni keçdik, artıq keçmişdə qaldı".

 

Videogörüntü erməni dünyasında qarışıqlıq yaradıb. CAR "diaspor dünyada soyqırımın tanınması üçün mübarizə apararkən Ermənistan dövlət başçısı inkarçıların sırasına qatılır. Nə utancverici, nə şokedici bir vəziyyət" ifadəsindən istifadə etdi. "Armenian Weekly"yə görə Sarkisyan və Biden arasındakı danışıq keçən ilin 24 Aprel ərəfəsində reallaşıb.

 

Ermənistan prezident aparatından dünən verilən açıqlamada isə Sarkisyan ilə Bayden arasında belə bir danışığın olmadığı bildirilib. Ermənistan dövlət başçısının mətbuat katibi Armen Arzumanyanın verdiyi açıqlamada belə deyilir: "Serj Sarkisyan və Jo Bayden 2009-cu ildə iki dəfə telefonda danışıb. Dövlət başçısı Serj Sarkisyan "Youtube" videosunda sözügedən ifadələri birbaşa, ya da dolayısı şəkildə söyləməmişdir. Ermənistan prezidenti erməni soyqırımının tanınmasının Türkiyə ilə danışıqlar prosesini poza biləcəyini əsla söyləməz. Əksinə, hər açıqlamasında soyqırımın tanınmasının əhəmiyyətini vurğulayıb. İki məsələ bir-biri ilə bağlı deyil. Ağ Evin bu telefon danışığının rəsmi mətninə sahib olduğuna əminik. Bu danışığın yayımlanması üçün onlara icazə veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə