Rumıniyada “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” müzakirə olunub
Oktyabrın 25-də Buxarestdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə "Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tədbirdə "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər", "Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması", "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi", "Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər" mövzularında panellər keçirilib, müzakirələr aparılıb.
Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, Enerji təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfir, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma Mərkəzinin direktoru, "Nabukko Beynəlxalq Qaz Boru xətti Konsorsiumu"nun ictimai işlər departamentinin direktoru, Risk, təhlükəsizlik və kommunikasiyanın idarə olunması üzrə Avropa İnstitutunun İcraçı Direktoru iştirak və çıxış ediblər.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri S.Hümbətov, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İ.Hacıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə çıxış ediblər.
Çıxışlarda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsinə çevrilməsi, əsasının Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin qoyduğu enerji siyasətini, neft strategiyasını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi, Azərbaycanda son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, oktyabrın 25-də həmçinin Rumıniya Prezidenti Administrasiyasında Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri E.Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri S.Hümbətov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə ilə görüşü olub.
Görüşdə iki strateji tərəfdaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB