Mahmud Məmməd-Quliyev: ““Şərq Tərəfdaşlığı” assosiativ sazişi üzrə növbəti görüş dekabrda Bakıda keçiriləcək" - AÇIQLAMA

Mahmud Məmməd-Quliyev: ““Şərq Tərəfdaşlığı” assosiativ sazişi üzrə növbəti görüş dekabrda Bakıda keçiriləcək" - AÇIQLAMA

Azərbaycan və Avropa İttifaqı arasında "Şərq Tərəfdaşlığı" assosiativ sazişi üzrə danışıqlarla bağlı növbəti görüşün dekabrın ortalarında Bakıda keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. XİN müavini eyni zamanda oktyabrın ortalarında sazişlə bağlı Brüsseldə keçirilən görüşün nəticələri barədə danışıb: "Həmin görüş danışıqların ikinci raundu olub. Biz hələlik danışıqların birinci mərhələsindəyik. Ona görə bütün sahələr fəsillər üzrə açılmayıb. Biz işi davam etdiririk. Dekabrın ortalarında Bakıda növbəti görüşün keçirilməsi planlaşdırılır. Əgər Azərbaycan və Avropa İttifaqı tam hazır olsa, bu görüş baş tutacaq".

 

"Assosiativ saziş üzrə danışıqlar nə qədər davam edə bilər" sualını cavabında Mahmud Məmməd-Quliyev: "Biz bir neçə məsələləri razılaşdırmışıq. Amma hələlik çox məsələlər müzakirə olunmalıdır. O cümlədən də ticarət, təhlükəsizlik və sair sahələrdə müzakirələr lazımdır", - deyə bildirib.

 

Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında mövcud olan münasibətlərə gəlincə M.Məmməd-Quliyev ÜTT-yə üzv olmaq üçün 10-a yaxın dövlətlə danışıqların aparıldığını bildirib. Onun sözlərinə görə, hazırda ABŞ, Avropa Birliyi, İsveçrə, Yaponiya, Norveç kimi ölkə və tərəflərlə danışıqlar aparılır. O, qeyd edib ki, danışıqlar zamanı bəzi məsələlər razılaşdırılsa da: "Bəzi məqamlar isə hələ razılaşdırılmayıb. Azərbaycanın öz mövqeyi var. Bəzi məsələlərdə mövqelər üst-üstə düşür, bəzi məsələlərdə isə düşmür. Azərbaycanın təşkilata hansı statusu qəbul olunacağı bizim üçün çox vacibdir. Hələ bu məsələdə razılıq əldə edə bilməmişik"- deyə söyləyib.

 

M.Məmməd-Quliyev bildirib ki, bütün ölkələrlə ikitərəfli danışıqları başa çatdırmaq vacibdir, əks təqdirdə Azərbaycan quruma üzv ola bilməz. O, üzvlüyün nə vaxt gerçəkləşəcəyinə dair konkret müddət söyləməkdə çətinlik çəkib: "Bu, danışıqların gedişindən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə