“Bulvar-1” Bakıda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nda digər dövlət qurumları ilə yanaşı Dövlət Neft Şirkətinin də üzərinə mühüm vəzifələr qoyulub.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkə başçısının ARDNŞ qarşısında qoyduğu əsas məsələlərdən biri də Dənizkənarı Milli Park boyunca Bakı buxtasında dənizin səthindən neft qalıqlarının və məişət tullantılarının təmizlənməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində "Bulvar-1" adlı kiçik ölçülü gəmi Bakıya gətirilib və ARDNŞ rəhbərliyi gəmiyə baxış keçirib.

Bildirilib ki, əsas etibarı ilə dəniz səthindən neft məhsullarının və məişət tullantılarının yığılması üçün nəzərdə tutulan "Bulvar-1" gəmisi ARDNŞ-nin sifarişi əsasında Türkiyənin Beşiktaş Gəmi İnşaat Şirkəti tərəfindən inşa edilib. Uzunluğu 12,4 metr, eni 3,2 metr olan bu gəmi dəniz səthindən neft təbəqəsinin yığılması üçün əlavə olaraq, hər birinin həcmi 4 ton olmaqla 2 ədəd çən (tank), xüsusi avadanlıq (skimmer), 50 metr uzunluğunda üzən bon çəpər və 10 tonluq üzən çən (tank) ilə təchiz edilib. Gəminin iş prinsipi ilə tanışlıqdan sonra ARDNŞ rəhbərliyi "Bulvar-1" gəmisindən səmərəli istifadə olunacağına əminliyini ifadə edib. Qeyd olunub ki, gəminin təyinatı üzrə fəaliyyətindən asılı olaraq, gələcəkdə daha iritutumlu analoji gəmilərin alınması məsələsi nəzərdən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə