“Ekoloqlar bağı”nda ağacəkmə kampaniyası keçirilib

“Ekoloqlar bağı”nda ağacəkmə kampaniyası keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekoloji maarifləndirmə və təbliğat sahəsində təsdiq olunan tədbirlər planına əsasən, Ekologiya İdarəsi bir sıra kütləvi, ekoloji-maarifləndirmə tədbirlərini həyata keçirməkdə davam edir. Bu tədbirlər "2010-cu il – Ekologiya ili" çərçivəsində daha geniş vüsət alıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ekologiya İdarəsinin təşkilatçılığı ilə ARDNŞ-nin idarə və müəssisələrində çalışan ekoloqlar Suraxanı rayonunda yerləşən "Atəşgah" tarixi abidəsi və Xəzər rayonu ərazisində yerləşən "Qala" Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər.

Daha sonra "Ekoloji Park"da yerləşən "Ekoloqlar bağı"nda ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında çıxış edən ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev tədbirin ekoloji maarifləndirmə və təbliğat cəhətdən əhəmiyyəti, tikintisi başa çatmaqda olan "Ekoloji park"ın salınmasının məqsədi, burada həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı işlər barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçılar ARDNŞ-nin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti, nəzərdə tutulan işlərdə ekoloqların rolu barədə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə