Tofiq Yaqublunun istefa müəmması TƏRS BAXIŞ

Tofiq Yaqublunun istefa müəmması TƏRS BAXIŞ

Müsavat partiyası yenidən çalxalanır

Son zamanlar Müsavat partiyasında baş verən istefalar ilk növbədə bir faktoru təsdiq edir – partiya rəhbərliyi sıravi üzvləri qalsın bir yana, elə öz arasında da ciddi ziddiyyətlər yaşamaqdadır. Daha dəqiq desək, Müsavat başqanı Arif Hacılı öz işinin öhdəsindən gəlməyi bacarmadığını baş verən ardıcıl istefalarla sübuta yetirmiş olur. Bu baxımdan, hələ İsa Qəmbər dönəmindən başqan müavini postuna sahib olmuş Tofiq Yaqublunun həmin vəzifədən uzaqlaşdırılması deyilənləri kifayət qədər təsdiq edir. Düzdür, T.Yaqublu baş verənlərlə bağlı mətbuata açıqlama versə də ki, o yalnız vəzifəsindən azad edilib və partiyanın məclis, eləcə də divan üzvlüyündə qalmaqdadır, lakin fakt budur ki, onunla başqan arasında kəskin qarşıdurma yaşanmaqdadır.

Tofiq Yaqublu Arif Hacılı ilə kəskin münasibətdə olduğunu gizlətməyə cəhd etsə də...

Misal üçün, “Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə qeyd edən T.Yaqublu eyni zamanda, istefasının “Milli Şura”nın üzvü olması ilə əlaqələndirilməsini də təsdiqləyib. Lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib. Yaqublunun məhz bu məsələ ətrafında açıqlama vermək istəməməsi onun Hacılı ilə arasında olan kəskin nifaqın, davamlı qarşıdurmaların, o cümlədən, qrup maraqlarının ictimailəşdirilməməsinə hesablanmış addım olaraq qiymətləndirmək mümkündür.

Xatırladaq ki, A.Hacılının uğursuzluğu onun başqanlıq kreslosuna saxta yolla yiyələnməsindən dərhal sonra özünü göstərməyə başlayıb.

Elman Fəttah da istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqlarının səbəb olduğunu etiraf etmişdi

Uzun illər Müsavat partiyasında təmsil olunan şəxslər – Qubad İbadoğlu, Səxavət Əlisoy, Hüseyn Məlik, Vurğun Əyyub, Elşən Həsənov, Azər Telmanoğlu, Tural Abbaslı, Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Əhliman Abbaslı və digər onlarla şəxsin partiya sıralarını tərk etmələri bilavasitə hazırkı başqanı qəbul etməmələri ilə əlaqələndirilib.

Onu da qeyd edək ki, digər başqan müavini Elman Fəttahın da bir müddət əvvəlki istefasına səbəb A.Hacılı faktoru olub. Çünki E.Fəttah da mətbuata açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyərək, bildirmişdi ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub.

Beləliklə, baş verən istefaların kontekstində dayanan müəmma əslində aşkar reallıqdır. Bu reallıq A.Hacılı başqanlığının zaman-zaman rədd edilməsi və Müsavat partiyasının növbəti dəfə parçalanması amilidir. Partiyanın qrup maraqları uğrunda bir-birlərinə düşmən kəslilən təmsilçiləri son anda öz etirazlarını istefalar şəklində bildirməkdə davam edirlər. Bu isə Müsavatın yenidən çalxalanmasını isbatlayan danılmaz həqiqətdir.

Yeri gəlmişkən, Müsavat məclisinin sabiq başqan, “MSDM”-in sədri İsa Qəmbərin prezident seçkisində iştirakına qadağa qoyması da, ümumiyyətlə, partiyanın seçkilərdən kənarda qalması barədə verilən qərar da bir çox müsavatçının kəskin etirazlarına səbəb olub. Hazırda tanınmışlarla yanaşı, sıravi müsavatçılar da var ki, onlar təşkilat sıralarından çıxmaları üçün istefa ərizələri ilə müraciət etməkdədirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə