Xəbər verildiyi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ştefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər. Ötən gün yekun bəyanat yayan həmsədrlər hər zaman olduğu kimi bu dəfəki səfərlərini tərəflərə məsləhət verməklə yekunlaşdırıblar.
Bəs görəsən həmsədrlər nə zaman fəaliyyətə keçib, konkret fikirlər irəli sürəcəklər?
“Əsas məsələ işğalçı dövlətə təzyiq göstərməkdir”
Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Fikrət Sadıqovun fikrincə, artıq illərdir ki, regiona səfərlər edən həmsədrlər hər zaman olduğu kimi bu dəfə də fəaliyyətlərini tərəfləri təmkinli olmağa və atəşkəs rejiminin qorunmasına diqqət verməyə səsləməklə bitirmiş oldular: “Lakin əsas məsələ bu deyil. Əsas məsələ işğalçı dövlətin yerini göstərmək, düşmən tərəfə təzyiq edərək onları beynəlxalq hüquq normalarını riayət etməyə məcbur etməkdir”.
“Həmsədrlərin belə bəyanatları əlbəttə ki, müsbət nəticəyə gətirib çıxara bilməz”
Politoloqun sözlərinə görə, həmsədrlərin sülhməramlı bəyanatları bəzən Azərbaycan və Ermənistanın bərabərləşdirilməsinə səbəb olur: “Halbuki burada Azərbaycan işğala məruz qalıb və 20 faiz torpaqları düşmən tapdağındadır. Həmsədrlər bunu çox yaxşı dərk etsələr də, əməllərində bunu göstərmirlər. Onların belə bəyanatları müsbət nəticəyə gətirib çıxara bilməz. Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində real vasitəçidirsə, o zaman həmsədrlər öz funksiyalarını yerinə yetirməklə problemin həllinə dair real təklif və ideyalar irəli sürməlidirlər. Bizim onlardan başqa gözləntimiz yoxdur”.
“Vasitəçilərin fəaliyyətlərinin arxasında ikili yanaşma dayanır”
F. Sadıqov qeyd edib ki, həmsədrlərin fəaliyyətlərinin arxasında ikili yanaşma dayanır: “Nədənsə, Avropda hər hansı separatçı bir hərəkət yarandıqda onlar dərhal ayağa qalxaraq bunun qarşısını almağa çalışırlar. Kataloniya hadisələri bunun əyani sübutdur. Digər misal Fransanın özündə Korsika və digər separatçı rejimlərin olmasıdır ki, onların baş qaldırılmasına imkan verilmir. Eyni zamanda İspaniya, Böyük Britaniyada mövcud separatçı rejimlər yerində boğulur. Bütün bunları nəzərə aldıqda, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçi fəaliyyətlərində ikilistandartların mövcud olduğunu görməmək mümkün deyil. Görünür ermənilərin uzun illərdir özlərini yazıq, hər şeydən təcrid olunmuş xalq kimi göstərmək fəaliyyətləri öz nəticəsini verə bilib. Yəqin bu fəaliyyətin nəticəsidir ki, onlara qarşı heç bir addım atılmır”.
“DQ-nın həllində dinamika müşahidə olunur”
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində son dövrlər müəyyən dinamikanın müşahidə olunduğunu söyləyən politoloq vurğulayıb ki, artıq aparıcı dövlətlər Azərbaycanın regionda yeri və rolunun nədən ibarət olduğunu başa düşüblər: “90-cı illərin əvvəlləri ilə müqayisə etsək, ölkəmizdə həyata keçirilən güclü beynəlxalq siyasəti nəticəsində artıq Azərbaycanla hesablaşılır, mövqeyi nəzərə alınır. Azərbaycanın dünya ölkələri arasında, yeri və rolu yüksək qiymətləndirilir. Bunu özü tarixi prosesdir. Biz bundan istifadə edərək hücumedici diplomatik addımlarımızı bundan sonra da daha güclü şəkildə atmalıyıq”.
“DQ- ilə bağlı son gözləntilərimiz…”
F. Sadıqov qeyd edib ki, hazırda Rusiya və Ermənistanda seçki prosesinin keçirildiyini nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunması gözləmək düzgün olmaz: “Seçki bütün ölkələr üçün gərgin dövrdür. Bu baxımdan düşünürəm ki, seçkidən əvvəl problemin həlli ilə bağlı böyük müqavilə və saziş imzalanmayacaq. Amma buna baxmayaraq, Azərbaycan öz mövqeyindədir və bütün ölkələrə də bu vəziyyətlə barışmayacağını bildirməkdə davam edir. Biz torpaqlarımızın azad olunması istiqamətində əlimizdən gələni edəcəyik. Bunu həm həmsədrlər, həm Ermənistan, həm də Rusiyanın siyasi xadimləri də yaxşı başa düşür. Onlar anlayır ki, problemin həlli ilə bağlı fəaliyyət nümayiş etdirməlidirlər. Bu baxımdan mənə elə gəlir ki, əsas məsələlər seçkidən sonrakı dövrdə başlanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB