MSK-nın üzvü: “İlham Əliyev demokratik seçkilərin keçirilməsində tələbkardır” MÜSAHİBƏ - SƏS TV

MSK-nın üzvü: “İlham Əliyev demokratik seçkilərin keçirilməsində tələbkardır” MÜSAHİBƏ - SƏS TV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənovun SİA-ya müsahibəsi:

- Tofiq müəllim, 2018-ci il aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası hansı işləri görməyi nəzərdə tutub?

- Bildiyiniz kimi, bu ilin fevral ayının 5-də cənab Prezident İlham Əliyev Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzaladıqdan sonra Mərkəzi Seçki Komissiyası (MSK) fevral ayının 6-da özünün ilk iclasını keçirdi. İclasda hazırlıq hərəkəti, seçkilərin təşkili kimi məsələlər müzakirə olundu. Bununla bağlı biz ilkin olaraq Təqvim Planını təsdiq etdik. Ümumiyyətlə, seçkilərin keçirilməsi ilə bağlı ötən illərdən MSK, digər dairə və məntəqə seçki komissiyaları böyük təcrübə əldə edib. İllərin təcrübəsi var. Lakin biz bütün bunlarla kifayətlənmirik. Biz hər dəfə yeni addımları müzakirə edirik. Seçkilərin daha mütəşəkkil, daha yaxşı təşkili ilə bağlı müzakirələr aparırıq. O cümlədən bütün fəaliyyətimizi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilməsi bizim başlıca vəzifəmiz olaraq qalır və gündəmdədir. Biz bununla bağlı ilkin olaraq Seçki Məcəlləsində seçki hərəkətlərinin həyata keçirilməsi məsələlərini müzakirə etdik. Təbii ki, seçki böyük bir prosesdir.

Əvvəla onu qeyd edim ki, Azərbaycanda böyük seçkilərin keçirilməsi üçün şəffaf, müasir standartlara cavab verən bütün imkanlar vardır. Bu mənada Azərbaycan dövlətinin nailiyyəti önəmlidir. Yaxşı qanunvericilik bazamız var və bu sahə ilə məşğul olan mütəxəssis kadrlarımız var. O cümlədən dövlətimizdə bu işlərin həyata keçirilməsi üçün hər bir şərait və ən əsası böyük bir siyasi iradə var. Əgər ölkədə siyasi iradə olmasa normal demokratik seçkilərin keçirilməsindən söhbət gedə bilməz. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin böyük bir siyasi iradəsi var və ölkə başçısı demokratik seçkilərin keçirilməsində maraqlıdır, tələbkardır. Bununla bağlı biz işimizi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlıq hərəkətlərimizin və seçkilərin həyata keçirilməsi ilə bağlı Təqvim Planını təsdiq etdik və bu Plana uyğun olaraq da hərəkətləri etməyə başlamışıq.

- Namizədlərin irəli sürülməsi və onların qeydə alınması hansı tarixdən başlayacaq?

- Ümumiyyətlə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkilərin keçirilməsi ilə bağlı müvafiq sərəncam, MSK-nın qərarı dərc olunduqdan sonra artıq namizədlərin irəli sürülməsi və onların qeydə alınması hüququ yaranır. Prezident seçkilərində namizədliyin irəli sürülməsi ilə bağlı bu hüquq kimlərə şamil olunur? İlkin olaraq təşəbbüslər - vətəndaşlarımız və onların yaratdıqları təşəbbüs qruplarına, siyasi partiyalar və siyasi partiyaların bloklarına şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin tələblərinə cavab verən namizədlər öz namizədliyini irəli sürə bilərlər. Şübhəsiz ki, burada siyasi partiyaların, partiya bloklarının da maraqları ola bilər. Yəni onlar da öz namizədlərini irəli sürə bilirlər.

- Seçki prosesində xarici müşahidəçilər hansı formada iştirak edəcək və bu barədə MSK müraciətlər göndərib?

- Təbii ki, seçkilərdə demokratiklik və şəffaflıq başlıca prinsiplərdən biridir. Azərbaycan dövləti və rəhbərliyi seçkilərin keçirilməsində maraqlıdır. O cümlədən illərin təcrübəsi də göstərir ki, MSK rəhbəri Məzahir Pənahov bu məsələyə xüsusi önəm verir. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin iştirakını biz həm arzulayırıq, həm də onların daha yaxşı, əlverişli şəraitdə müşahidə etməsi üçün bilavasitə şərait yaradılmasının təminatçısı oluruq. Bu baxımdan da biz maraqlıyıq ki, seçkilərimizi beynəlxalq müşahidəçilər görsün. Bu gün ölkəmiz seçkilərin keçirilməsi ilə bağlı çox böyük təcrübə əldə edib. Yəni seçkilərin keçirilməsi ilə bağlı bizdən də öyrəniləsi mühüm nəticələr, tövsiyyələr ola bilər. Bir sözlə beynəlxalq müşahidəçilərdən utanılacaq heç bir şeyimiz yoxdur. Dəfələrlə olub ki, beynəlxalq müşahidəçilər gəlib bizim yaxşı nəticələrimizi yüksək qiymətləndiriblər. Hətta MSK sədri də dəfələrlə qeyd edir ki, ölkəmizdə o qədər demokratik mühitin təmin olunması istiqamətində atılan addımlar var ki, biz deyə bilmərik ki, hansısa bir xarici ölkələrdə tətbiq olunan yeni texnologiyadan biz yararlanmayaq.

- Xarici ölkələrdə seçkilərin təşkili və keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, onlar Azərbaycan Respublikasının vətəndaşları hesab olunurlar. Azərbaycanın hüdudlarından kənarda yaşayan, seçki hüququ olan vətəndaşlarımız, eləcə də diplomatik missiyanı həyata keçirən bizim diplomatlarımız var. Həmçinin seçki dövründə xaricdə ezamiyyətdə olan nümayəndələrimiz vardır. Bununla bağlı hər il olduğu kimi onların siyahısının dəqiqləşdirilməsi ilə bağlı iş aparılacaq. Təbii ki, biz bu işləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirəcəyik. İllərin təcrübəsinə uyğun olaraq diplomatik korpuslarımızda, səfirliklərimizdə, konsulluq idarələrində bu işin təşkili ilə bağlı birgə iş aparırıq. Təbii ki, səsvermə gününə 25 gün qalanadək bu siyahılar dəqiqləşdirilir. Dəqiqləşdirildikdən sonra onların məntəqələr üzrə səsverməsi üçün dəvətnamələr müəyyənləşdiriləcək. Əvvəlki illərdə olduğu kimi onların da normal, demokratik mühitdə səsverməsi üçün lazım olan şərait yaradılacaq.

- Bilmək istərdik, bəzi müxalifət partiya sədrləri seçkiləri boykot çağırışı ilə çıxış edirlər. Bu, MSK-nın seçkiləri təşkil və həyata keçirmək məsələsinə təsir göstərə bilər?

- Ümumiyyətlə hər hansı bir siyasi partiyaların və yaxud vətəndaşların seçkiləri boykot etməsi tamamilə siyasi bir məsələdir. Yəni hüquqi müstəvidə bu məsələnin həllinə şamil olunmur. Ümumiyyətlə seçkilər Seçki Məcəlləsi və Konstitusiyanın tələblərinə uyğun olaraq həyata keçirilir. Kimlərinsə boykot etmək çağırışı, kimlərinsə seçkidə iştirak etməməsi bu ölkədə yaradılan demokratik mühitə elə də kölgə salmamlıdır. Seçkiləri boykot etməyi əsas tutub seçkiyə getməmək vətəndaşın özünün hüququdur. O seçkiyə getməyə bilər amma biz seçkilərdə elə bir demokratik mühit yaradacayıq ki, burada həqiqətən rəqabətli, azad, demokratik seçki mühiti təmin olunsun. Yəqin ki seçki prosesində namizədlər də olacaq və seçkilərin keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənəcək. Yəni kimlərinsə siyasi məlumatının, mesajının Seçki Məcəlləsinə heç bir aidiyyatı yoxdur. Biz bu Seçki Məcəlləsinə müvafiq olaraq işimizi həyata keçirəcəyik.

- Yeri gəlmişkən, müxalifət yetkililələri və onların təəssübkeşləri sosial şəbəkələrdə seçkilərlə bağlı təhqiramiz, həm də şər-böhtan xarakterli yazılar, şəkillər, məlumatlar paylaşırlar. Bu haqda siz hansı fikirdəsiniz?

- Təbii ki, bu məsələdə çox ciddidir. Çünki sosial şəbəkələrdə bizim vətəndaşlarımız, əhalimiz var. Bütün bunlar əhali tərəfindən birmənalı qarşılanmır. Orada müəyyən insanlar var ki, seçkilərin keçirilməsinə kölgə salmaq istəyirlər. Bu o demək deyil ki, həmin hərəkətlər bütövlükdə Azərbaycan vətəndaşlarının, seçicilərinin iradəsidir. Seçicilərin iradəsi aprel ayının 11-də seçki məntəqələrinə gəlib vətəndaşların səsverməsi ilə müəyyən olunacaq. Amma indiki vəziyyət qaçılmaz da deyil. MSK-nın son iki iclasında, o cümlədən müsahibələrində MSK sədri Məzahir Pənahov bu məsələlərə çox tez-tez toxunur. Hətta bununla bağlı müzakirələr aparılır. Bu məsələ ilə bağlı yəqin ki MSK-nın cəmiyyətimizə, ölkəmizə, vətəndaşlarımıza bir tövsiyyəsi olmalıdır. İstəyirik ki, bu kimi məsələlərə aydınlıq gətirmək üçün yaxın vaxtlarda müvafiq tədbir keçirək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə