Superdövlətlərdən Azərbaycana rəsmi seçki dəstəyi SİYASİ RAKURS

Superdövlətlərdən Azərbaycana rəsmi seçki dəstəyi SİYASİ RAKURS

Bununla da radikal müxalifət “liderlərinin” son xəyalları “dəfn” olundu

Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında ölkə başçısı İlham Əliyevin hakim partiyanın 25 il ərzində iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulaması və bu faktoru “qələbələr salnaməsi” adlandırması bir daha sübut edir ki, müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisində önəmli yer tutan, eləcə də ümumxalq siyasi təşkilatına çevrilmiş YAP bundan sonra da öz fəaliyyətini yalnız qələbə və zəfərlərə doğru yönəldəcək. Belə ki, bu ilin aprel ayının 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində hakim partiya tərəfindən alternativsiz namizəd olaraq irəli sürülən cənab İlham Əliyevə yalnız ölkə daxilində deyil, o cümlədən dünyanın aparıcı ölkələrindən də dəstək göstərilməkdədir.

Radikal müxalifət “liderləri” ilə ermənilərin mövqeləri niyə üst-üstə düşür?

Eyni zamanda, superdövlətlər də Azərbaycanda keçiriləcək seçkilərlə bağlı münasibətlərində dəstəkverici rolunu oynayırlar. Biz, bunu ABŞ və Rusiya hakimiyyət nümayəndələrinin verdikləri rəsmi açıqlamalarından da görə bilərik. Məhz həmin münasibətlər baxımından, biz digər məqama da nəzər sala bilərik. Məsələn, bu gün seçkiləri boykot edəcəklərini bəyan edən bəzi radikal təxəyyüllü müxalifət nümayəndələri belə hesab edirdilər ki, onların bu qərarları daim ayaqları altına yıxıldıqları xarici ölkə nümayəndələrinin, diplomatik korpuslarının diqqətlərindən yayınmayacaq və qarşı tərəfdən dəstək alacaqlar. Maraqlısı da budur ki, hazırda radikal müxalifətçilərlə erməni lobbisinin, habelə Ermənistandakı ictimai-siyasi dairələrin mövqeləri üst-üstə düşür. Daha dəqiq desək, hər zaman olduğu kimi, bu dəfə də özlərini müxalifətin “lideri” adlandıran kəslər sanki ermənilərlə sözü bir yerə qoyaraq, Azərbaycanda gözlənilən mühüm siyasi hadisəyə ləkə vurmağa, Azərbaycanda mövcud olan güclü, sarsılmaz dövlətçilik maraqlarına qara yaxmaq istiqamətində cəhdlər göstərirlər.

Lakin onların bu xəyalları da necə deyərlər, “dəfn” olundu. Çünki verilən açıqlamalar və seçkilərlə bağlı münasibətlər radikalların düşüncələrini alt-üst etmiş oldu.

ABŞ-ın dövlət rəsmisi: “ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir"

Misal üçün, Bakıda səfərdə olmuş ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib ki, "ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir".

Yəni, bu o deməkdir ki, Azərbaycanda demokratik dəyərlərə tam şəkildə riayət olunur və radikalların seçkilərlə bağlı sərgilədikləri siyasi oyunbazlıqları bu ölkə üçün – ABŞ üçün heç bir önəm daşımır. Çünki Azərbaycan ABŞ üçün yaxın və etibarlı tərəfdaş olaraq qiymətləndirilir. Bu amil isə bilavasitə ölkə başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasətin tərkib hissəsidir.

Rusiya XİN rəsmisi: “Prezident seçkiləri suveren ölkənin daxili işidir”

Bu kontekstdə Rusiya rəsmilərinin də münasibətləri kifayət qədər açıq və aydındır.

"Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.

M.Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir: "Azərbaycan hökuməti də bunu artıq şərh edib”.

Beləliklə, görünən budur ki, uğursuz fəaliyyətləri ilə eyni zamanda erməni dəyirmanına da su tökən radikal müxalifətin qaragüruhçularının prezident seçkiləri ətrafında qarşılarına qoyduqları məqsədlərinə çata bilmədilər. Təkcə, yuxarıda göstərilən iki fakt məhz bu cür qənaətə gəlməyə əsas verir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə