Di hı! KÖŞƏ

Atalar demiş, "sən saydığını say, gör, fələk nə sayır?" Builki prezident seçkilərilə bağlı müxalifətçiləri yemləyənlər nələr vəd etmişdilər, onu bir onlar bilir, bir də müxalifətçilər. O vədələrdə də bu müxalifətçilər nə xəyallar qurmuşdular, onu da elə özləri yaxşı bilirlər. Seçkilərin vaxtının dəyişməsi müxalifətçiləri yaman çaş-baş salıb. Bilmirlər yemverənlərinin bunların qarşısında qoyduqları tapşırıqları necə həyata keçirəcəklər? Neyləsinlər, söz veriblər. Alacaqları dollarların müqabilində, gərək necə lazımdısa, tapşırılan kimi hərəkət eləsinlər. Elə buna görə də, Əli Kərimlinin qanı yaman qaralıb. Qaralmasın, neyləsin? Kərimli çox deyir, əsabələri isə az eşidir. Yazıq elə haldadı, gəl görəsən. Bilmir nə dildə, nə donda danışsın ki, istəyini həyata keçirə bilsin. Çünki əmr böyük yerdəndi, pulu alıb, indi gərək pulun əvəzində "oynasınlar" axı. Qohum-əqrəbasını, tanış-bilişini, qulbeçələrini başına yığıb, başladı çıxışına, nə başladı. Aldı görək nə dedi:

- Ayə, ay camaat, bu müxalifətçilik ki, var, bu, çox qəliz məsələdir, həm qəlizdi, həm də ki, vacib. Bax, bu il prezident seçkiləri ilidir. Bizim öhdəmizə çox böyük işlər düşür. Bu seçkilərdə bizə nəzarət edən böyüklərimiz ta okeanın o tayından durub, gəliblər bizim yanımıza. Ayə, gəliblər bu seçkilərdə bizə kömək olsunlar, əlləri də ciblərində. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir. Ə, bu, seçkidi, burda neynəmək lazımdı?

Yerbəyerdən səslər eşidilməyə başladı.

- "Oynamaq".

- Bəli, oynamaq lazımdı...

Yenə də yerbəyerdən narazılar mızıldanmağa başladılar:

- Nətəri oynayaq eeee?! Pulun səsi okeanın o tayından gəlir, dirijiroluq eləyənlər isə, bu tərəfdə ancaq əllərini tərpədirlər.

Ə.Kərimli nətəri hirsləndisə, az qala ağzından od püskürdü:

- Ə, nə tafotu var, ə, bunun? Burdan eşit, ordan oyna, daaa.

Kərimli, nə illah elədisə, tərəfdaşlarını yola gətirə bilmədi ki, bilmədi.

İndi, ay müxalifətçilər, yenə də atalar demiş, "istədiyin yar idi, yetirdi pərvərdigar". Seçki istəmirdiniz? Bu da sizə seçki. Hələ, üstəlik, bir az da tez. Ta bir də ilin axırını gözləməyinizə ehtiyac yoxdu. Özünüzə, gücünüzə, komandanıza, arxanızda olan "ordunuza" bu qədər arxayınsınızsa, buyurun, "bu meydan, bu da şeytan". Di hı!

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə