“Rusiya tərəflərin DQ-la bağlı razılığa gəlməsini istəyir” ŞƏRH

“Rusiya tərəflərin DQ-la bağlı razılığa gəlməsini istəyir” ŞƏRH

“XİN başçılarının son görüşündən sonra Azərbaycanın xarici işlər naziri problemin həlli ilə əlaqədar kreativ ideyaların olduğunu açıqlamışdı. Lakin bu ideyaların nədən ibarət olduğunu bilmək üçün danışıqların növbəti mərhələsini gözləmək lazımdır. Çünki hər şey real danışıqlardan asılıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Bizim gözləntimiz Dağlıq Qarabağ və ətraf rayonların boşaldılmasıdır"

Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin gündəliyində təmas xəttinə nəzarət edən müşahidəçilərin sayının artırılması məsələsinin əsas yer tutduğunu deyən İ. Vəlizadə həmsədrlərin də bu məsələni problemin mərkəzində tutmasına təəssüfünü dilə gətirib: “Təmas xəttində müşahidəçilərin artırılması ilə bağlı məsələ Ermənistan tərəfindən israr edilir və bu, digər məsələlərlə əlaqələndirilirdi. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu problemin mərkəzində tutur və bildirirdilər ki, guya bunun həlli digər məsələlərin müzakirəsinə şərait yaradacaq. Azərbaycan dövləti sözügedən təklifin digər məsələlərin həllinə mane olmaması üçün buna etiraz etmədi. Amma məsələ bununla bitməyib. Bizim gözləntimiz Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması, eyni zamanda qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması predmetli şəkildə müzakirə olunmasıdır”.

"Müzakirələr texniki məsələlər üzərində deyil, konkret mövqe əsasında aparılmalıdır"

Politoloqun sözlərinə görə, əgər müzakirələr yenə də əsas deyil, texniki məsələlər üzərində aparılsa, o zaman biz danışıqlardan heç nə gözləmək mümkün deyil: “Məsələn müşahidəçilərin sayının artırılması kimi texniki məsələlərin müzakirəsindən heç nə əldə etmək olmaz. Burada prinsipal mövqe ortaya qoyulmalıdır. Azərbaycan tərəfinin bununla mövqeyi qətidir. Lakin Minsk qrupu həmsədrlərinin hansı təkliflər irəli sürəcəyi çox maraqlıdır”.

"Paket həll variantı cəfəngiyatdır"

Ermənistanın problemin mərhələli deyil, paket şəkildə həlli ilə əlaqədar təklifinə münasibət bildirən İ. Vəlizadə bunu cəfəngiyat adlandırıb:

“Rusiyanın XİN başçısı Lavrovun bəyanatları da göstərir ki, onlar paket həll variantından uzaqlaşıb, hətta Ermənistanı da bundan çəkindirməyə çalışırlar. Bu, əlbəttə ermənilərin xoşuna gəlmir. Düzdür, onlar bunu açıq şəkildə söyləmirlər, lakin dolayı yolla, müəyyən mesajlar vasitəsilə fikirlərini bildirməyə çalışırlar. Artıq Rusiya anlayır ki, problemin paket şəkildə həll variantı mümkün deyil. Çünki, paket həll yolu hazırkı vəziyyətdə həm Rusiyanın maraqlarına uyğun gəlmir, həm də Dağlıq Qarabağ münaqişəsində yaranan çıxılmaz vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər”.

"Rusiya tərəflərin razılığıa gəlməsini istəyir"

“Rusiya tərəflərin qismən də olsa razılığa gəlməsini istəyir. Qonşu dövlətin məqsədi Ermənistana gedən yolların açılması və bunun nəticəsində də yüklərinin sərbəst şəkildə Azərbaycan ərazisindən keçərək düşmən ölkəyə getməsidir. Təbii ki, bunun da bir yolu var ki, bu da Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsidir. Belə olan halda gündəmə mərhələli həll planı gəlir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə