Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına dərs verəcək

Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına dərs verəcək

Türkiyə Jurnalistlər Federasiyası (TJF) ilə Azərbaycan Mətbuat Şurası arasında qarşılıqlı peşə həmrəyliyi və əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan protokol imzalanıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat yayıb. Protokola görə, Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması üçün Türkiyədən göndəriləcək təcrübəli jurnalistlər azərbaycanlı həmkarlarına dərs verəcək. Türkiyəyə gedəcək azərbaycanlı jurnalistlər isə media təhsili seminarlarına qatılacaq.

 

Bu ilin iyul ayında Azərbaycanda olduqlarını və ölkə mətbuatı ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini deyən TJF və İzmir Jurnalistlər Cəmiyyətinin rəhbəri Atilla Sertel bildirib ki, səfərdə əsas diqqət çəkən Azərbaycan qəzetlərinin dizaynı, xəbərin yazılması və jurnalistika qaydaları kimi məsələlərdə Türkiyədən geridə qalması kimi məqamlar olub: "Bu araşdırmalardan sonra təhsil sahəsində əməkdaşlıq etməyə qərar verdik. Məqsədimiz iki ölkə jurnalistləri arasındakı əlaqələri daha da gücləndirmək, mətbuatda daha sağlam bir sistemin yaradılmasına kömək etməkdır".

 

Protokolu Azərbaycan MŞ-nin sədri Əflatun Amaşovla birlikdə Kayseridə təşkil edilən TJF Başçılar Şurasının yığıncağında imzaladıqlarını söyləyən A.Sertel 9 milyon əhalisi olan Azərbaycanda gündəlik qəzet sayının 30, onların ümumi tirajının isə cəmi 50 min olduğunu söyləyib.

 

Protokol aşağıdakı məsələləri əhatə edir:

 

-Azərbaycanlı jurnalistlər Türkiyədə təşkil ediləcək media təhsil seminarlarına dəvət ediləcək,

 

-Azərbaycanlı jurnalistlərin peşəkərlığının artırılması üçün Türkiyədən təcrübəli jurnalistlər ölkəmizə gələrək dərs verəcəklər,

 

-Peşəkarlığın artırılması üçün birgə komissiyalar qurulacaq və qəbul olunan qərarlar hər iki ölkədə icra ediləcək,

 

-TJF Başçılar Şurasının 2011-ci ildəki yığıncağı Azərbaycanda keçiriləcək,

 

-Türkiyə ilə Azərbaycan xalqları arasında qardaşlığın gücləndirilməsinə kömək edən mədəni və ictimai layihələrə üstünlük veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə