AŞPA-nın qış sessiyası başa çatdı

AŞPA-nın qış sessiyası başa çatdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatıb. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak edərək, ölkəmizin maraqlarını yüksək səviyyədə qoruyublar.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan sessiyada rotasiya prinsipi əsasında yenilənmiş nümayəndə heyəti ilə təmsil olunub.

Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edildi və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri oldular.

Sessiya çərçivəsində Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib. O, qış sessiyasının iclaslarına sədrlik edib. “AŞPA-da seçkilər nəticəsində əldə etdiyimiz bu uğur Avropa Şurasının Bürosu və Assambleyasında iclaslara sədrlik edərək ölkəmizin səsinin daha yüksək tribunalardan eşidilməsinə yeni imkan yaradır”, - deyə Səməd Seyidov bildirib.

“Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda müzakirələrə qoşulan Səməd Seyidov Türkiyənin “Zeytun budağı” həbi əməliyyatlarına başlamasını dəstəkləyərək, ona terror təşkilatlarına qarşı apardığı mübarizədə haqq qazandırıb. Onun bu mövqeyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək qiymətləndirilib.

Azərbaycan Milli Məclisinin deputatları AŞPA-da komitə, alt komitə sədri və sədr müavinləri seçiliblər. Nümayəndə heyətimizin üzvü Vüsal Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini, Sevinc Fətəliyeva isə yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçiliblər. AŞPA-nın qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəsinə iki il sədrlik edən Sahibə Qafarova qurumun xüsusi təşəkkürünə layiq görülüb. Qənirə Paşayeva qrup sədrləri komitəsində ölkəmizi təmsil edib.

Sessiya çərçivəsində Sevinc Fətəliyeva “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsində Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən uşaqların daha çox əziyyət çəkdiyini bir daha diqqətə çatdırıb. Məruzə ətrafında çıxış edən deputatlarımız erməni vandalizminin qurbanı olan balaca Zəhranın şəklini zalda nümayiş etdiriblər. Vüsal Hüseynovun məruzəsi “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” məsələsinə həsr olunub. Hər iki məruzə avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə