Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır.
Otto fon Bismark
Son vaxtlar Azərbaycanda bir anormal mənzərə yaranıb, əyninə düz-əməlli şalvar geyinib, adi sözləri belə demək imkanına malik olmayanlar şərəfli, qürurverici tariximizi qılınclayırlar, başlarından və yaşlarından utanmadan ağıllarına deyil, ağızlarına gələni yazırlar. Kamran adlı Əsədov soyadlı birisi Şirvanşahlar dövləti haqqında tam erməni maraqlarına uyğun gələn uydurmalar səsləndirir, Sərdar adlı Cəlaloğlu soyadlı birisi də Həcər xanım, Koroğlu, Səməd Vurğun haqqında hədyanlar danışır, indi də dünyanın ən tanınmış fikir adamı, dahi satirik şair Mirzə Ələkbər Sabirin kölgəsini qılınclamağa başlayıblar. Vallahi-billahi, ayıbdır. Hərdən fikirləşirsən ki, bu dayaz düşüncəyə, təfəkkürə malik insanlar görən ağılsız hərəkət etdikərinin, bilərəkdən və ya bilməyərəkdən Azərbaycanı istəməyən məkrli qüvvələrin maralarına xidmət etdiklərinin fərqindədirlərmi?
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, ABŞ-ın və Qərbin bir sıra qaranlıq dairələrinin cızdıqları və hər zaman həyata keçirməyə çalışdıqları plan mövcuddur. Həmin plana görə, dövlətlərinin maraqlarını dünyanın müxtəlif bölgələrində təmin etmək üçün müasir silahlardan istifadə etməkdən öncə, həmin bölgənin əhalisinin mədəniyyətini, dilini, dinini və adət-ənənəsini sıradan çıxarmağa çalışırlar. Gənclərin beyinlərinə müasirlik və yenilik adı ilə xalqların adət-ənənəsinə zidd olan yeniliklər gətirməyə çalışırlar. Bunun üçün milyonlar və milyadlarla pul xərcləyirlər. Nəticə vermədikdə, zora əl atırlar. Bunu biz İraqda, Əfqanıstanda, Suriyada, Liviyada və digər bölgələrdə görə bildik. Bu baxımdan demək olar ki, tariximizin qürurverici səhifələrini öz içimizdən olan kamranların, sərdarların, fazillərin ləkələməyə çalışmaları, birbaşa olmasa da, dolayısı ilə ABŞ-ın və Qərbin qaranlıq dairələrinin qlobal maraqlarına xidmət etdiyini göstərir. Otto fon Bismark deyirdi ki, əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır. Fazillərin, kamranların, sərdarların böyük şəxsiyyətlərimiz, sərkərdələrimiz, şair və yazıçılarımızı ləkələməyə xidmət edən açıqlamaları, fikirləri, yazıları onu deməyə əsas verir ki, onlar və ətrafında olanlar tarixi dərslərdən ibrət almayıblar. Bu barədə Georq Vilhelm Fridrix Hegel çox gözəl deyib: "İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər".
Digər tərəfdən, tarixlə bağlı o şəxlər fikir yürüdə bilər ki, onlar tarixçi alimlərdir, müxtəlif ölkələrin nüfuzlu kitabxanalarında saralmış kağızlar üzərində baş sındırırlar, gecələr yuxusuz qalıb, gündüzlər istirahət nə olduğunu bilmədən tədqiqatlar aparırlar. Bunlar isə loru dillə desək, hapdan-gopdan özlərindən ehtimallar və fərziyyələr irəli sürür, eləcə də kimdəndə müəyyən tapşırıqlar alıb, başlayırlar yuxarıda qeyd etdiyim kimi, hər zaman qürur duyub fəxr etdiyimiz tariximiz və tarixi şəxsiyyətlərimizlə bağlı ağızları köpüklənə-köpüklənə hədyanlar danışmağa və ya yazmağa başlayırlar. Özünüzə gəlin, bəy adı ilə çıxış edib, qul xislətindən hələ də azad ola bilməyənlər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB