Davos Forumu Azərbaycana nə verdi? ŞƏRH

Davos Forumu Azərbaycana nə verdi? ŞƏRH

“Davos İqtisadi Forumunda bir qayda olaraq əsasən maliyyə məsələləri müzakirə olunurdu. Amma son illər keçirilən forumda ciddi siyasi problemlər də müzakirə olunur. Bu baxımdan da 48-cu Davos Forumuna 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan olan təmsilçilər, dövlət rəhbərləri iştirak edirdilər”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

“Azərbaycan Prezidenti Davosda həqiqətləri dünya ictimaiyyətinə çatdırdı”

Azərbaycan Prezidentinin də forumun bir sıra panellərində iştirak etdiyini deyən politoloq bildirib ki, Dövlət başçısı Forumda çıxışı ilə Azərbaycanla bağlı bütün reallıqları təhlil etmiş oldu: “Prezident İlham Əliyev Forumda Azərbaycanda sosial vəziyyəti, iqtisadi inkişafı, qeyri-neft sektoruna keçid dövrünü təhlil edərək həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkə başçısı eyni zamanda bildirdi ki, Azərbaycan tək özü üçün deyil, bir sıra ölkələr üçün maraqlı dövlətə çevrilib. Çünki, Azərbaycan artıq nəqliyyat qovşağına, turist ölkəsinə dönür. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, inkişafa yönələn bütün istiqamətlər ölkəmiz üçün prioritetdir”.

“Azərbaycanın inkişafı bir sıra aparıcı dövlətlərin rəhbərlərinin və beynəlxalq strukturların diqqət mərkəzindədir”

Politoloq söyləyib ki, Azərbaycanın Forumda ölkə başçısı səviyyəsində təmsil olunması həm ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, həm də digər ölkələrin diqqətini Azərbaycana cəlb etmək üçün mühüm vasitədir: “Dövlət başçımız bundan çox peşəkarlıqla istifadə edir. Azərbaycanın indiki vəziyyəti, inkişafı, ölkəmizin gələcəyi bir sıra aparıcı dövlətlərin rəhbərlərinin və beynəlxalq strukturların diqqət mərkəzindədir. Artıq ölkəmiz hər kəs üçün maraqlıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan bu forumda qarşıya qoyulan məqsədə nail ola bildi”.

“Forum yeni layihələrə zəmin yaradır”

Forumla bağlı qarşıya qoyulan məqsədləri açıqlayan F. Sadıqov vurğulayıb ki, ilk növbədə əsas məsələ reallıqları həqiqətləri siyasi və iqtisadi liqalara çatdırmaqdır: “İkinci məsələ forum çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycanla digər ölkə arasında münasibətlərin daha da inkişaf etdirmək, üçüncüsü isə Dağlıq Qarabağla bağlı həqiqətləri, əsaslanan mövqeyimizi nəinki orada toplaşan dairələrə, ümumilikdə bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bütün bunlarla yanaşı forum yeni layihələrə zəmin yaratmaqla yanaşı və iki və ya çoxtərəfli münasibətlərin bundan sonrakı inkişafına böyük töhfə verir”.

“Davos Forumu Azərbaycan üçün önəmli meydança oldu”

Dövlət başçısının forum çərçivəsində həyata keçirdiyi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini deyən politoloq vurğulayıb ki, bu görüşlərdə səslənən mövqelər, əsası qoyulan layihələr forumun Azərbaycan üçün önəmli meydança olduğunu deməyə əsas verir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə