YAP-ın fəaliyyəti hər zaman şəffaf olub REALLIQ

YAP-ın fəaliyyəti hər zaman şəffaf olub REALLIQ

Radikal müxalifət partiyaları isə kirli gəlirlərini gizlətməklə məşğlulur

Bəlli olduğu kimi, 2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyanın maliyyə hesabatı ilə bağlı mətbuata məlumat verilib və bununla bir sıra statistik rəqəmlər tam şəffaflığı ilə xalqın diqqətinə çatdırılıb. Yəni bu kimi məlumatlarda il ərzində partiyanın nə qədər gəliri olduğu, onun hara xərcləndiyi və bu gəlirlərin mənbələri tam açıqlığı ilə göstərilir. O cümlədən, hər bir maraqlanan tərəf təqdim edilən hesabatlarla yaxından tanış olmaq imkanındadır. Bu faktor isə bir daha onu göstərir ki, YAP yarandığı dövrdən hazırkı dövrə qədər öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurub və yalnız xalqın, o cümlədən, dövlətçilik maraqlarının mövqeyindən çıxış edib.

AXCP, Müsavat, ADP, KXCP, Ümid, ALP, AzDP, AXP və s. müxalifət təşkilatları barədə demək olar ki, tez-tez müəyyən faktlar gündəmə daxil olur

Lakin maraqlıdır ki, ölkədə fəaliyyət göstərən bor çox digər siyasi təşkilatlar, xüsusilə ənənəvi müxalifət düşərgəsinə aid olan radikal qurumlar heç vaxt öz maliyyə hesabatlarını təqdim etməməklə yanaşı, ötən illər ərzində gəlirlərinin haradan, hansı dairələrdən əldə edildiyini də israrla gizlətməyə çalışırlar. Halbuki, bu gün AXCP, Müsavat, ADP, KXCP, Ümid, ALP, AzDP, AXP və s. müxalifət təşkilatları barədə demək olar ki, tez-tez müəyyən faktlar gündəmə daxil olur. Misal üçün, “Mühacir biznesi”ndən tutmuş, “partbilet” alverlərinə qədər olan bütün qanunsuz maliyyə maxinasiyaları radikal düşərgəyə mənsub partiyalarda mövcuddur. Bu zaman haqlı bir sual meydana gəlir: bəs bu partiyalar neçə illərdir hansı vasitələrlə (vəsaitlərlə-R.R.) az qala özlərini “ana müxalifət” partiyaları kimi ictimai rəyə sırımağa cəhdlər göstərirlər?

Əgər üzvlük haqları sıfırla göstərilirsə, bu faktın özü belə qənaətə gəlməyə əsas vermir ki, onların ümumiyyətlə, heç bir üzvləri yoxdur?

Düzdür, müxalifətdə olan bəzi siyasi təşkilatlar da hesabatlarını təqdim edirlər. Lakin radikal müxalifət həmişə maliyyə hesabatı verməkdən qaçıb. Onlar ya belə bir hesabatı vermirlər, ya da təqdim etdikləri hesabatlarda göstərilən rəqəmlər onların həqiqəti əks etdirmədiyini dəfələrlə isbatlamış olub. Məsələn, radikal müxalifət partiyalarının dırnaqarası hesabatlarında adətən guya ki, heç bir maliyyə mənbəyinə, gəlirlərə malik olmadıqları (?) göstərilir. Halbuki, hər bir digər siyasi təşkilat kimi, radikal müxalifət də də üzvlərdən üzvlük haqları toplanır və toplanan bu vəsaitlər də partiyaların keçirdikləri müxtəlif tədbirlərə xərclənir. Bu baxımdan, keçirdikləri uğursuz, ucuz və heç bir işə yaramayan mitinq və toplantılarında pafosla danışan radikal müxalifət “liderləri” üzvlük haqlarını sıfır rəqəmi ilə ölçürlər. Bu zaman daha bir sual meydana çıxır: əgər üzvlük haqları sıfırla göstərilirsə, bu faktın özü belə qənaətə gəlməyə əsas vermir ki, onların ümumiyyətlə, heç bir üzvləri yoxdur? Yaxud, əgər üzvləri varsa və onlardan üzvlük haqları toplanırsa, deməli, bu pullar müəyyən işlərə sərf olunur. Bəs onda niyə bunun hesabatı verilmir? Beləliklə, bənzər sualların sayını artırmaq da olar. Daha doğrusu, bu sualların cavabsızlıqları həm də o anlama gəlir ki, radikal müxalifətin maliyyə mənbələri və xərcləri heç də şəffaf, demokratik prinsiplər üzərində qurulmayıb. Çünki özlərini “lider” adlandıranlar öz maliyyə fəaliyyətlərini qanuna müvafiq şəkildə qursaydılar, heç şübhəsiz çəkinmədən maliyyə hesabatlarını da təqdim edərdilər.

Xalqın böyük əksəriyyəti bilavasitə arxalandığı, güvəndiyi ümumxalq partiyasına – Yeni Azərbaycan Partiyasına dərin rəğbətini göstərir

Digər tərəfdən, dəfələrlə sübuta yetirilib ki, radikal müxalifət əsasən xaricdən maliyyələşir. Onlar xarici donorlardan aldıqları vəsaitləri yaratdıqları qeyri-hökumət təşkilatları vasitəsilə, eləcə də heç bir qanuna müvafiq olmadan mənimsəyirlər. Aydın məsələdir ki, xarici donorlardan asılı olan bu qüvvələr aldıqları vəsaitləri də məhz əcnəbi qurumların maraqlarına uyğun istiqamətə yönəldirər. Yəni həmin vəsaitlər çox hallarda ölkəmizdə qeyri-stabil vəziyyətin yaradılmasına yönəldilir. Xüsusilə, hər hansı bir siyasi hadisə - seçkilər, referendumlar və s. siyasi-ictimai ərəfələrdə onlar aldıqları əmrləri icra etməklə, şəxsi ciblərini kirli pullarla doldurmağa çalışırlar. Buraya daha yuxarıda qeyd edilən fikirləri də əlavə edərsək, radikalların ümumiyyətlə, qeyri-qanuni olaraq gündəmdə qalmalarını əminliklə deyə bilərik. Beləliklə, məhz bu amilin açıla biləcəyi və radikalların ölkə qanunlarına zidd fəaliyyət göstərdiyi bir daha bütün çılpaqlığı ilə üzə çıxacağı səbəbindən onlar maliyyə hesabatlılığından yayınmağa çalışırlar. Bu baxımdan, xalqın böyük əksəriyyəti bilavasitə arxalandığı, güvəndiyi ümumxalq partiyasına – Yeni Azərbaycan Partiyasına dərin rəğbətini göstərir. Hər halda, bizlər bütün hallarda bu reallığın şahidlərinə çevrilirik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə