AŞPA müşahidə missiyasının rəhbəri: "40 illik karyeram dövründə şəxsən mənə heç vaxt televiziyada 4 dəqiqə efir vaxtı verilməyib”
"40 illik karyeram dövründə şəxsən mənə heç vaxt televiziyada 4 dəqiqə efir vaxtı verilməyib". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Pol Ville uzunmüddətli müşahidə missiyasının səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında namizədlərə 4 dəqiqə pulsuz efir vaxtının ayrılmasına dair sualı cavablandırarkən söyləyib. Onun sözlərinə görə, debatlar sosial məsələlərə, iqtisadiyyat və ekologiyaya həsr olunsa, daha xeyirli olardı: "40 illik karyeram dövrümdə şəxsən mənə heç vaxt televiziyada 4 dəqiqə efir vaxtı verilməyib. Şəxsi fikrimi soruşursunuzsa, məncə, debatlar konkret mövzuların müzakirəsinə həsr olunmalıdır. Lakin bu məsələsi həll edəcək tərəf biz deyilik, biz yalnız müşahidə prosesini həyata keçiririk".
O, eyni zamanda parlament seçkilərindən əvvəl keçirilən seçki kompaniyasının ümumilikdə dinc şəraitdə keçməsini müsbət hal kimi dəyərləndirib. AŞPA nümayəndəsi eyni zamanda seçici siyahıları ilə bağlı durumu, müxalifətin seçki prosesində iştirakını qeyd edərək Azərbaycanın bu istiqamətdə irələyiş əldə etdiyini bildirib: "Azərbaycanda müxalifətin seçki prosesində aktiv iştirakını görmək bizi sevindirir. Biz seçki bloklarının yaradılmasının şahidi oluruq. Qeyri-hökumət təşkilatlarının da seçkiqabağı prosesdə rolu artmaqdadır. Mərkəzi Seçki Komissiyasının işində müşahidə olunan irəliləyişlər, MSK tərəfindən keçirilən seçiciləri maarifləndirmə proqramları, seçici siyahılarının dəqiqliyinə daha cox diqqətin yetirilməsi də təqdirəlayiqdi".
P.Ville qeyd edib ki, seçki kampaniyasında mübarizə ruhunun, ideyalar mübarizəsinin olmaması missiyada təəssüf doğurub: "Biz siyasi debatların xüsusi olaraq aktiv şəkildə keçdiyini hiss etmədik. Seçici hansı namizədə səs verəcəyi barədə qərar qəbul etməlidir və bu qərarı ictimai debatlar keçirildikdən sonra vermək mümkündür. Buna görə də biz daha aktiv debatların keçirilməsini alqışlayardıq".
AŞPA missiyasının rəhbəri Azərbaycana gəlmək üçün viza almaq qaydalarının dəyişdirilməsi məsələsinə də toxunub: "Viza rejiminin sərtləşdirilməsi ilə əlaqədar ölkəyə daxil olmaq problemi yaranıb. Biz müşahidəçilərin seçkilər günü problemlə üzləşməməsi və sərbəst monitorinq keçirməsi üçün hökumətdən bu problemi aradan qaldırmağı xahiş etmişik".
Müxalifət partiyaları ilə görüş keçirmədən hazırlanacaq hesabatın nə qədər obyektiv olacağı bağlı suala gəlincə Pol Ville bildirib ki, missiya ilə görüşüb-görüşməmək müxalifətin öz hüququdur: "Birincisi, seçkilərin nəticələrinə dair yekun rəy birlikdə verilib, bu təkcə AŞPA-nın hazırladığı rəy deyil. İkincisi, biz istəmirik ki, hansısa partiya - istər hakim partiya olsun, istər müxalifət partiyası olsun - bizə təzyiq göstərməsin. Biz seçkilərin subyekti olmaq istəmirik, biz yalnız müşahidəçiyik. Seçkilərə kimin düzgün qiymət verib-vermədiyini qiymətləndirməkdənsə öz seçicilərinə daha çox xeyir vermək üçün seçkiqabağı proqram üzərində işləmək düzgün olardı".
Müşahidəçilər həmçinin qeyd ediblər ki, səsvermə günü qısamüddətli missiyanın üzvləri təkcə Bakıda deyil, bölgələrdə də seçkilərin gedişini müşahidə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB