“ABŞ və digər avroatlantik məkanına daxil olan dövlətlərin vətəndaşları üçün Azərbaycanda hər hansı təhlükə yoxdur. Bunun əksini qeyd etmək bir tərəfdən ABŞ-ın strateji maraqlarına, mənafelərinə ziyandır, digər tərəfdən o biri dövlətləri sanki Qərbin qarşısında üstün mövqeyə çıxarır. Çünki, gördüyünüz kimi bu məsələ ilə bağlı dərhal regionun digər dövlətlərindən də açıqlamalar verildi. Misal üçün Rusiya vətəndaşları üçün Bakı və ya onun çevrəsi sülh və əmin-amanlıq şəraitində öz fəaliyyətlərini həyata keçirə bilir, turist səfərləri edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ABŞ Dövlət Departamentinin Azərbaycanı terror təhlükəli ölkə adlandırmasına münasibət bildirərkən deyib.
“ABŞ Dövlət Departamentinin fikri çox yanlış informasiyalar əsasında formalaşan rəydir”
Deputatın sözlərinə görə, bu, çox yanlış informasiyalar əsasında formalaşan rəydir: “Burada əsas məsələ ABŞ-ın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı tam əhatəli məlumatları müəyyənləşdirməməsi və bu işə qeyri- kompetent şəkildə yanaşmasıdır. Əgər biz dünyada terror təhlükəsizliyi amilinin hansı kriteriyalar əsasında müəyyənləşdirdiyin götürsək, o zaman burada əhalinin ümumi gəlirləri, cəmiyyətdə hər hansı böhran vəziyyəti və onun həlli yollarının axtarılması, dövlət-vətəndaş münasibətləri, etnik və milli kimliklər arasında əlaqələr, dinə münasibət, regional və digər problemlər əsasında hər hansı nəticəyə gəlinir. O nöqteyi-nəzərdən çıxış etdikdə tam əminliklə söyləmək mümkündür ki, bu gün Azərbaycan cəmiyyətində hər hansı fərqli məsələyə münasibətdə problemləri silah gücünə aydınlaşdırmaqla deyil, daha güzəştli mövqe hakimdir”.
“Regionda riski məsələ işğalçılıq siyasətidir ki, bunu da Azərbaycan yaratmayıb”
Z.Oruc söyləyib ki, hətta din məsələsində də ölkə içərisində hər hansı məkana çıxıb gedən, cihad müharibəsi aparmaq istəyən qüvvələrin də yolu təhlükəsizlik orqanları tərəfindən kəsilir, kəşfiyyat strukturları bu məsələni daxili nəzarət altında saxlayırlar: “Yeganə olaraq regionda həyata keçirilən işğalçılıq siyasəti və bunun doğurduğu problemlər fonunda bölgədə risklər var. Lakin bunu Azərbaycan yaratmayıb. Əksinə ABŞ, doğurdan da işğalın terrora təsirini minimuma endirmək istəyirsə, bundan ötrü ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr kimi torpaqların işğaldan azad edilməsi fonunda bölgədə ümumən hərbi vəziyyətin özü-özlüyündə təhlükəsizliyə mənfi təsirini aradan qaldıra bilər.
“Əgər Azərbaycan təhlükəli olsaydı, onlar yatırımlarını bizim ölkəyə yönəldərdilərmi?”
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycandan qeyd olunan şəraitə görə üstün tutulması ağılasığmazdır: “Necə ola bilər ki, Ermənistan Azərbaycandan qeyd olunan şəraitə görə üstün yerə qoyulsun? Bu, ağılasığmazdır. Bütün bu illər ərzində ABŞ-ın iqtisadi korporasiyaları, transmilli şirkətləri əsas yatırımlarını bizim ölkəyə yönəldirlər. Avropa dövlətləri də fəal iqtisadi tərəfdaş kimi bizimlə əlaqə qururlar. Belə olan halda, onlar milyardlarını qeyri-sabit ölkəyə qoyardılarmı? Əgər onlar vəsaitlərinə, eyni zamanda insanları ilə bağlı hər hansı təhlükənin olduğunu hiss etsəydilər, o zaman Azərbaycanla iş görərdilərmi? Necə ki, Afrikanın ayrı-ayrı məkanlarında Avropa şirkətlərinin fəaliyyətini görmək mümkün deyil. Belə olan təqdirdə hesab edirəm ki, Azərbaycanı terror riskli ölkə yerinə qoymaq və bunu öz ölkə vətəndaşları üçün təhlükə siqnalı kimi qələmə vermək çox yanlışdır”.
“Azərbaycan bütün vətəndaşlar üçün sülh yaradıcı dövlətdir”
“Düşünürəm ki, Azərbaycanın diplomatik orqanları bu yöndə artıq fəaliyyətdədirlər, lazımi bütün məlumatları istər səfirliyə, istərsə də ABŞ Dövlət Departamentinə təqdim olunacaq. O əsnada Azərbaycan regionda həqiqətən sülh yaradıcı dövlət kimi təkcə öz vətəndaşları üçün deyil, bütün xarici ölkə vətəndaşları üçün yaradılan çox rahat şəraiti bir daha hər kəsə təqdim edə biləcək” - deyə, Z. Oruc əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB