“2018-ci il torpaqlarımızın düşməndən azad olunduğu il olmalıdır” MÜNASİBƏT

“2018-ci il torpaqlarımızın düşməndən azad olunduğu il olmalıdır” MÜNASİBƏT

“Aprel hadisələrindən sonra, indiyədək müxtəlif şərtlər irəli sürən Ermənistanın heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olması Azərbaycan diplomatiyasının uğuru hesab oluna bilər”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Ermənistanla danışıqların davam etdirilməsi rəsmi Bakı üçün yaxşı heç nə vəd etmir: “Çünki onlar öz mövqelərindən geri çəkilmirlər və işğal olunmuş əraziləri mənimsəməklə məşğuldurlar. Hətta bu yaxınlarda məlum oldu ki, onlar Qubadlının Xanlıq kəndinə bir qrup ermənini yerləşdiriblər. Yəni ermənilər işğal olunmuş əraziləri bu cür mənimsəməklə, var-dövləti talamaqla məşğuldurlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar da ancaq onların maraqlarına cavab verir ki, vaxt uzansın. Bu mənada hesab edirəm ki, danışıqların davam etdirilməsini nəticə kimi götürmək düzgün deyil. Çünki danışıqlarda heç bir nəticə yoxdusa ölkəmiz hərbi əməliyyatlara başlamalıdır”.

A.Nağı əlavə edib ki, bu gün Azərbaycan kifayət qədər güclüdür və potensial orduya malikdir: “Bu mənada Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Biz 2018-ci ildən bunu gözləyirik. İnanırıq ki, 2018-ci il torpaqlarımızın düşməndən azad olunduğu il olacaq və ölkəmiz bu adla da tarixə düşəcək. Bu gün Rusiyanın, ABŞ-ın mövqeyi də ortadadır. Azərbaycan əsasən Türkiyəyə, digər islam ölkələrinə arxalanmalıdır və müharibəsini başlamalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə